Daha bir ölkə NATO yolunda: “Türkiyə razı olmasa, plan suya düşəcək” - RƏY
Təhlil
25.11.2024 16:40
“NATO-ya üzv olması üçün Yunan Kiprinin önündə ciddi maneə yoxdur. Lakin qardaş Türkiyənin belə qısamüddətli zaman çərçivəsində buna razılıq verəcəyini gözləmək olmaz”.
Politoloq Natiq Miri bunu TodayPress-ə açıqlamasında deyib.
Onun sözlərinə görə, burada Türkiyənin bir çox tələbləri var. Bunlar birbaşa Şimali Kipr Respublikası ilə əlaqəlidir:
“Parçalanmış Kiprin vəziyyətinə önəm verməyən Avropa Birliyi Yunan Kiprini tamhüquqlu üzvlüyə qəbul edib, eyni zamanda Avropa Birliyi və NATO ölkələri qardaş Şimali Kipri hələ də müstəqil beynəlxalq subyekt olaraq tanımayıb. Buna görə də Kipr məsələsi həll olunmayıb. NATO nizamnaməsinə görə alyansa üzv olan hər hansı bir ölkə ona qoşulmaq istəyən bir ölkəyə razılıq verməzsə, o ölkənin NATO-ya üzv olmaq imkanı olmur. Bu baxımdan mütləq mənada konsenussa ehtiyac yaranacaq ki, burada da əsas əngəl Türkiyə olacaq”.
Analitik hesab edir ki, Türkiyənin məsələ ilə bağlı öz tələbləri olacaq və bunlar yerinə yetirilmədən Yunan Kipri NATO-ya üzv qəbul edilməyəcək:
“Bilirik ki, Yunan Kiprinin NATO-ya üzv olmaq üçün ABŞ səviyyəsində dəstəyi var. ABŞ zaman-zaman Türkiyəyə təzyiq etmək üçün həm Yunanıstandan, həm də Yunan Kiprindən istifadə edib bu ölkələrdə ciddi hərbi bazalar yerləşdirdi. Buna rəğmən Türkiyə razı olmadığı təqdirdə Yunan Kiprinin NATO-ya üzv olmaq imkanı yoxdur. Ən azından biz bunu Finlandiya və İsveçin NATO-ya üzvlüyü məsələsində Türkiyənin qoyduğu konkret veto zamanı gördük. Türkiyənin şərtləri yerinə yetirilməyənə qədər o bu vetonu aradan qaldırmadı. İndi də Türkiyə özünün şərtlərini irəli sürəcək və bu şərtlər yerinə yetirilməyənə qədər Yunan Kiprinin ildırım sürəti ilə NATO-ya üzv olmaq planı suya düşəcək”.
Qeyd edək ki, Yunanıstanın “Kathimerini” qəzetinin məlumatına görə, Kipr Respublikası ABŞ administrasiyasına NATO-ya daxil olmaq planını təqdim edib.
Günəş Mərd
tag: ABŞ, Türkiyə, NATO, Yunanıstan, todaypress.az,