Daha bir ölkə ilə viza rejimi ləğv olunacaq: Perspektivdə nələr gözlənilir?
“Azərbaycan və Çin uzun illər geniş ticari əlaqələri olan ölkələrdir. İki ölkə arasında münasibətlər 2024-cü ilin iyulunda imzalanmış “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə" ilə daha da irəliləyib”.
Politoloq Sultan Zahidov bu sözləri TodayPress-ə danışarkən deyib.
Ekspert düşünür ki, Azərbaycan Prezidentinin Çinə səfəri iki ölkə münasibətlərinin yeni bir mərhələyə keçidi baxımından xüsusi əhəmiyyət kəsb edəcək. O, Çin səfəri çərçivəsində bir sıra mühüm sənədlərin imzalanacağını da istisna etməyib:
“Qarşılıqlı vizasız gediş-gəliş haqqında Sazişin imzalanması gözlənilir ki, bu da Azərbaycan-Çin əlaqələrinin dinamik inkişaf etdiyinin göstəricisidir. Necə ki, Azərbaycan Çinlə əməkdaşlığa böyük önəm verir, Çin üçün də Azərbaycan prioritet istiqamətlərdən biridir. Azərbaycan Çinin təşəbbüsü olan “Bir kəmər, bir yol” layihəsində vacib rola sahib ölkədir. Orta Dəhliz bu baxımdan Çin üçün strateji əhəmiyyət kəsb edən nəqliyyat dəhlizidir. Çin bu dəhliz vasitəsi ilə Avropa ilə ticarətini təmin etmək istəyir. Bu baxımdan Azərbaycan və Çinin maraqları üst-üstə düşür”.
Analitik Çin və ABŞ arasında davam edın ticarət müharibəsinə də toxunub. Onun sözlərinə görə, hazırda Çin üçün fərqli bazarlara yönəlmək vacibdir:
“Azərbaycan bazarı bu baxımdan Çinin maraq dairəsinədir. Azərbaycanla bir çox sahədə əməkdaşlıq Çinin priotitet istiqamətləri arasında yer alır. Sözsüz ki, Azərbaycan üçün də dünyanın böyük güclərindən olan Çinlə əməkdaşlıq böyük önəm daşıyır. Azərbaycan hazırda Çinin fərqli institutları, o cümlədən Asiya İnfrastruktur İnvestisiya Bankı ilə əməkdaşlıq edir. Çinin Cənubi Qafqazdakı infrastruktur layihələrinə yatırımlar etməsi də mümkündür. Bu, nəinki Qafqazın, bütün Avrasiya regionunun iqtisadi inkişafına böyük töhfə verəcək. Bu gün Avrasiyanın yeni nəqliyyat xəritəsi cızılmaqdadır. Bu xətirədə Azərbaycandan keçən kommunikasiya xətləri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xətti və gələcəkdə reallaşdırılacaq Zəngəzur dəhlizi böyük önəmə sahibdir. Çin də bu strateji layihələrin inkişaf etdirilməsi və reallaşdırılmasında maraq sahibidir ki, bu, Azərbaycan və Çin əməkdaşlığının daha da inkişafını ön plana çəkmiş olur”.
Qeyd edək ki, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 10-cu iclasında bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri çərçivəsində qarşılıqlı vizasız gediş-gəliş haqqında Sazişin imzalanması gözlənilir.
Qiymət Mahir
tag: Sultan Zahidov,Politoloq,Çin,Azərbaycan,Viza,Ləğv,Todaypress.az,
