Çinlə strateji tərəfdaşlıq Azərbaycana nə vəd edir?
Təhlil
04.07.2024 16:30
İyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub.
Məsələ ilə bağlı TodayPress-ə açıqlama verən politoloq Anar Əliyev bildirir ki, Azərbaycanın çoxvektorlu xarici siyasət yürütməsi, müasir dayanıqlı istisadiyyata malik olması, onu təhlükəsizlik adasına çevrilməsinə imkan yaradıb:
“Biz bunu balanslı siyasət yürütməklə əldə etmişik. Azərbaycan hər hansı xarici gücdən, onun maraqlarından asılı deyil. Bu da ölkəmizin beynəlxalq arenada əsas söz sahibi olmasına imkan verir. Bunun nəticəsidir ki, qlobal güclər, Azərbaycanı Cənubi Qafqazın qapısı hesab edir”.
Politoloq qeyd edir ki, Azərbaycanın xarici tərəfdaşlardan tələbi beynəlxalq hüququn norma və prinsiplərinə əməl etməsi, ərazi bütövlüyünə və suverənliyinə hörmətlə yanaşması və hər hansı bir bəhanə ilə ölkənin daxili işinə qarışmamasıdır. Onun sözlərinə görə, Azərbaycanla təhdid dili ilə danışmağın bir mənası yoxdur.
“Azərbaycanın təklif etdiyi sülh gündəliyinə Çin rəhbərinin təsdiq verməsi, bizim nüfuzumuzu daha da genişləndirir. Yaxın gələcəkdə iki ölkə arasındakı münasibətlərin gətirəcəyi perspektivləri açıq şəkildə müşahidə edə biləcəyik. Hazırda dünyanın iqtisadi cəhətdən əsas drayverinə çevrilən Çinlə əlaqələrimizin genişlənməsi, güclənməsi bizim təsir imkanlarımızı daha da artıracaq”.
“Bu gün Çin bütün sahələrdə inkişaf edib”. Bunu TodayPress-ə verdiyi açıqlamada iqtisadçı Xalid Kərimli bildirib. Onun fikrincə, Çinlə idxal-ixrac imkanlarını genişləndirmək, investisiya qoyuluşunu artırmaq, texnoloji əməkdaşlığı inkişaf etdirmək və Çindən ölkəmizə turist axınını təşkil etmək üçün münbit şərait formalaşıb. Ekspert Orta Dəhliz layihəsinin faydasından da söz açdı.
“Çinin yüklərinin Avropaya, Avropadakıların isə Çinə daşınması üçün Orta Dəhlizin aktivləşdirilməsi əsasdır. Hazırda bu istiqamətdə işlər gedir. Onu da deyim ki, Çindən gələn yüklərin ölkəmizdən keçməklə digər ərazilərə idxal olunması həm məşğulluq, həm də iqtisadi-artım cəhətdən faydalıdır. Bu həmçinin öz şirkətlərimiz üçün də əlavə iş imkanları yaradacaq”.
Qeyd edək ki, bu gün istehsalatda istifadə olunan aksesuarlar, məişət avadanlıqları, smartfonlar və s. məhsulların çoxu məhz Çindən alınır. Lakin Azərbaycandan Çinə idxal olunan məhsulların faizi olduqca aşağıdır.
İmzalanan yeni sənədlə ikitərəfli ticarətin həcmini daha da artırmağa, əmtəələrin strukturunu optimallaşdırmağa və malların bazarlara çıxışını asanlaşdırmağa təkan veriləcək.
Töhfə Səmədova
tag: Çin, Azərbaycan, Şanxay, Əlaqələr, Avropa, Orta Dəhliz, todaypress.az,