Çingiz Qənizadə: “Tiryək müharibəsində heç kimə güzəştə getməməliyik!”
“Tiryək müharibəsi hazırda bütün dünyanı bürüyüb. Bizim isə bu müharibədə bəxtimizə İran düşüb”.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə bunu TodayPress-ə danışarkən deyib.
Onun sözlərinə görə, Şərqdən və İrandan gələn bir çox narkotik vasitələr qanunsuz şəkildə Azərbaycana daşınır. Bunların arasında tiryək və daha güclü narkotik maddələr də var:
“Həm hüquq mühafizə orqanları, həm Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları, həm Daxili İşlər Nazirliyi, həm də Dövlət Təhlükəsizlik Xidməti Orqanlarının qaçaqmalçılıqla ciddi mübarizə aparmasına baxmayaraq, bu proses sürətlə artmağa davam edir. Həmin vasitələr sərhəddən qanunsuz formada: bəzən dəniz-su vasitəsi ilə, bəzən isə çətin nəzarət olunan ərazilərdən, yəni dağlıq və yüksəkliklər vasitəsilə ölkəyə keçirilir. Nəzarət ciddi olsa da, qarşı tərəf əngəl tanımır".
Sədrin fikrincə, bu bəlanın aradan qaldırılması üçün həm maarifləndirici tədbirləri, həm də nəzarəti gücləndirmək lazımdır.
“Niyə məhz həmin vasitələr İrandan gəlir? Bəs niyə bununla bağlı İrana rəsmi formada irad bildirə bilmirik? İlk növbədə bu suallara cavab tapmaq lazımdır. Hər şeydən öncə qeyd etmək lazımdır ki, tiryək müharibəsi dövlət səviyyəsində deyil. İranda da müəyyən cinayətkar qruplar var ki, onlar öz narkotik siyasətini ətraf ölkələrə yayırlar. Məhz alım-satım prosesi də həmin dəstələr tərəfindən əlaqəli şəkildə həyata keçirilir. Bu baxımdan, İrana bununla bağlı rəsmi olaraq hansısa etirazımızı bildirmək bir az absurd olar".
Çingiz Qənizadənin qənaətincə, Azərbaycanda bu sahədə aparılan maarifləndirmə işi kifayət qədər deyil. Müəyyən vaxtlarda narkotikə qarşı videoçarxlar hazırlansa da, bunun təsiri elə də güclü deyil.
O təklif edib ki, narkotikin alışı-satışı ilə məşğul olan şəxslərin cəzaçəkmə müəssisələrindəki vəziyyəti, həmçinin ona düçar olan şəxslərin sonrakı taleylərini nümayiş etdirməklə xeyli uğurlar əldə etmək olar. Amma eyni zamanda inzibati resurslar da həmişə olduğu kimi, güclü rejimdə çalışmalıdır.
"Tiryək müharibəsində heç kimə güzəştə getməməliyik" deyə o nitqini sonlandırıb.
Qeyd edək ki, təkcə cari ilin fevral ayında narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 155 kiloqram 193 qram narkоtik vasitə, 191 ədəd həb və 105 litr maye şəkilində narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən maddə aşkarlanaraq dövriyyədən çıxarılıb.
Töhfə Səməd
tag: Çingiz Qənizadə,Narkotik,Şərh,Açıqlama,Todaypress.az,