Çin diplomatik təşəbbüsləri artırır: Ağ Evin “tək qalacağı”istisna edilmir...

Təhlil

29.04.2025 15:05

22

“Son vaxtlar Vaşinqtonun etibarlı tərəfdaş statusunu itirməsindən istifadə edən Çin, qlobal ticarətin əsas müdafiəçisi və himayəçisi kimi çıxış edir”. 

Politoloq Zaur İbrahimli bunu Todaypress-ə danışarkən deyib. 

Onun sözlərinə görə, ABŞ prezidenti Donald Trampın rəhbərlik etdiyi administrasiyanın tətbiq etdiyi yeni tarif siyasəti, əsasən ixrac yönümlü iqtisadiyyata malik olan ölkələr üçün yeni çağırışlar formalaşdırıb. Məhz bu şəraitdə Çin situasiyadan maksimum yararlanmağa və yeni strateji müttəfiqlər qazanmağa çalışır. Çin üçün bu baxımdan Tailand xüsusi önəm kəsb edir. 

“Çin və Tailand arasında ticarət əlaqələri kifayət qədər güclüdür. Çin Tailandın əsas ixrac tərəfdaşlarından biri olmaqla yanaşı, eyni zamanda bu ölkədən də məhsul idxal edir. Rəsmi Pekin üçün Tailandla münasibətləri daha da gücləndirmək, əməkdaşlığı institusional səviyyəyə qaldırmaq hazırda prioritet istiqamətlərdən biridir.”

Analitik əlavə edib ki, iki ölkə arasında nə ərazi mübahisələri, nə də siyasi gərginlik mövcuddur. Üstəlik, onları ortaq mədəniyyət və tarixi bağlar da birləşdirir. Belə bir şəraitdə ABŞ-nin sərt tarif siyasəti Pekinə daha çox tərəfdaş və müttəfiq cəlb etməyə fürsət yaradır. Politoloq hesab edir ki, Çinin bu aktiv diplomatik təşəbbüsləri fonunda Vaşinqtonun qlobal ticarətdəki etibarlı tərəfdaş imici zədələnib. Bu isə ABŞ-nin xarici iqtisadi siyasətinin gələcəyinə dair ciddi suallar doğurur. 

“Çin özünü azad ticarətin əsas müdafiəçisi və təşviqedicisi kimi təqdim edir. Bu siyasət çərçivəsində verdiyi təkliflər isə bir çox ölkələr üçün cəlbedicidir və Tailand da bu imkanlardan yararlanmağa çalışır. Tramp administrasiyasının bu diplomatik dinamizmlərə necə cavab verəcəyi isə hələ ki, qeyri-müəyyəndir. ABŞ-nin tez-tez dəyişən prioritetləri və yanaşmaları, bu istiqamətdə proqnozlar verməyi çətinləşdirir. Lakin əminliklə demək olar ki, Çinin bu fəallığı yaxın perspektivdə Vaşinqtonda narahatlıq yaradacaq və bu, Tramp administrasiyasını yeni ticarət təklifləri ilə çıxış etməyə məcbur edə bilər”. 

Qeyd edək ki, Çinin xarici işlər naziri Vanq Yi bildirib ki, ölkəsi qonşuluq diplomatiyasında həmişə Çin-Tailand münasibətlərinə diqqət yetirir və dəyər verir.

Çin müxtəlif sahələrdə praktiki əməkdaşlığı dərinləşdirmək, regional sülh və sabitliyə nail olmaq üçün Tailand ilə birlikdə işləməyə hazırdır. Çin Tailandın BRICS tərəfdaş ölkəsi kimi iştirakını alqışlayır və onun təşkilatda əməkdaşlığına tam cəlb olunmasını dəstəkləyir. 

Son günlərdə Çinin ard-arda tərəfdaşlıq müqavilələri imzalaması isə ABŞ-də birmənalı qarşılanmayıb. Avropa yaxın gələcəkdə Ağ Evin “tək qalacağını” iddia edir.

Töhfə Səməd

tag: Zaur İbrahimli,Politoloq,ABŞ,Çin,Todaypress.az,

photo