“Çernobıl” faciəsi unudulur, AES-lərin tikintisi sürətlənir: Ölkələri hansı təhlükələr gözləyir?

Təhlil

07.10.2024 14:00

“Ölkələr öz ərazilərində Atom Elektrik Stansiyalarının tikintisinə icazə verəndə bütün riskləri gözə almalıdırlar”.  

Hərbi ekspret Elxan Şıxəliyev bunu, TodayPress-ə açıqlamasında deyib. O, AES-lərin tikintisinin mümkün təhlükələrinə diqqət çəkib: 

“Atom Elektik Stansiyalarında baş verə biləcək qəza hadisələri zamanı nüvə reaktorlarından çıxan maddələrin və nüvə silahı elementlərinin əraziyə yayılması təhlükəli sonluqla nəticələnə bilər. Bu səbəbdən ölkələr buna qərar verəndə riskləri də gözə almalıdırlar. Ölkələr ərazilərində əməliyyatlar keçiriləndə, əraziləri müharibə arealına çevriləndə AES-lərdən digər ölkəyə qarşı təhdid kimi istifadə edə bilirlər. Hətta tez-tez onlara zərbə endirəcəklərini bəyan edirlər. İndi Ukraynanın belə bir təcrübəsinə şahidlik edirik. Rusiya tərəfi iddia edir ki, Ukrayna Silahlı Qüvvələri Rusiyanın Kurçatov şəhərindəki Kursk Atom Elektrik Stansiyasına (AES) hücuma cəhd göstərib”.

Ekspert bildirib ki, bütün təhlükə və risklərə baxmayaraq, hazırda dünyanın bir çox ölkələrində, hətta Ermənistanda da Atom Elektrik Stansiyaları var. Əsasən öz ərazisində elektrik enerjisinə kəskin ehtiyac yaranan və onu digər enerji mənbələrindən əldə edə bilməyən ölkələr AES-lərin yaradılmasına qərar verirlər. İndi Qazaxıstanda da bu proses gedir: 

“Görünür enerji qaynaqları strateji mənbələrə çevrildiyi üçün ölkələr Atom Eklektrik Stansiyasının inşasını və istifadəsini daha əlçatan görürlər. Amma “Çernobıl” faciəsini də unutmaq olmaz. Ən azından postsovet ölkələri artıq bu sahədə təcrübəlidirlər, partlayış baş verəndə nə etmək lazım olduğunu bilirlər. İstənilən halda, atom elektrik stansiyalarının bir ölkənin ərazisində olmasının müsbət və mənfi tərəfləri düzgün qiymtləndirilməlidir”.

Qeyd edək ki, oktyabrın 6-da Qazaxıstanda keçirilən ümummilli referendumda ölkə vətəndaşlarının 70 faizə qədəri Atom Elektrik Stansiyasının (AES) tikintisi layihəsinin lehinə, 30 faizi isə əleyhinə səs verib.  

Son məlumatlara görə, 2030-cu ilədək AES-lərin sayının azı 2 dəfə artacağı gözlənilir. Maraq üçün bildirək ki, Avstriya, Danimarka, Filippin, İtaliya və Almaniya kimi ölkələr əhalisinin sağlamlığını və təhlükəsizliyini daha üstün tutaraq AES-lərdən imtina edib.

Günəş Mərd

tag: Atom Elektrik Stansiyaları ,AES , Ukrayna ,Kursk ,Rusiya ,todaypress.az,

photo