Çanaqqala Zəfərinin 110-cu ili: Tarixə yazılan misilsiz qəhrəmanlıq dastanı!

Təhlil

18.03.2025 17:42

2276

Bu gün Türkiyədə 18 Mart-Çanaqqala Dəniz Zəfərinin 110-cu ildönümü qeyd edilir.   

Siyasi elm və beynəlxalq əlaqələr üzrə türkiyəli mütəxəssis İsmail Cingöz bunu Çanaqqala Zəfərinin 110-cu ildönümü ilə bağlı TodayPress-ə danışıb.   

O, əvvəlcə Çanaqqala savaşının tarixinə qısaca nəzər salıb: 

“28 iyun 1914-cü ildə Avstriya – Macarıstan ordusunun baş komandanı, taxt-tacın vəliəhdi Frans – Ferdinand və onun həyat yoldaşı hərbi manevrlərdə iştirak edərkən Serbiyadan gəlmiş terrorçu Qavrilo Prinsip tərəfindən qətlə yetirilib. Bununla da Avropadakı iri dövlətlərin geosiyasi, geoiqtisadi və geostrateji sahələrdə uzun illər davam edən rəqabəti silahlı münaqişəyə çevrilib. Osmanlı dövləti bu məsələdə İtilaf dövlətlərindən kapitulyasiyaların ləğvi, Egey adalarının qaytarılması və Misir məsələsinin həlli müqabilində bitərəf qalacağını bildirib. İngiltərə bu təklifləri qəbul etməyib və Osmanlının satın aldığı iki zirehli gəmini də ələ keçirib. Bu vəziyyətdən istifadə edən Almaniya hərbi nazir Ənvər Paşa vasitəsilə Osmanlını tez bir zamanda müharibəyə sürükləmək üçün bir plan həyata keçirib. Osmanlıya sığınan, daha sonra satın alındığı elan edilən alman “Goeben” və “Breslau” döyüş gəmiləri 29 oktyabr 1914-cü ildə Qara dənizdə Rus gəmilərini və limanlarını bombalayıb. Bu hadisə ilə Osmanlı dövləti faktiki olaraq müharibəyə girib". 

Mütəxəssisin sözlərinə görə, Çanaqqala boğazını qorumaq üçün Osmanlı dövləti Almaniya tərəfindən göndərilən hərbi heyət və texnika ilə boğazı minalarla bağlayıb. Boğazın ən dar hissəsində – Kilitbahir bölgəsində qısa mənzilli toplar yerləşdirilib və dənizaltı gəmilərə qarşı torlar qurulub. 

“Nüsrət” mina gəmisi Çanaqqala savaşının taleyini dəyişən mühüm hadisəyə imza atıb. İngiltərə və Fransa gəmiləri Çanaqqala boğazının minalardan tamamilə təmizləndiyini düşündükləri bir vaxtda, “Nüsrət” gəmisi gecə boğaza gizli şəkildə 26 mina yerləşdirib. 18 mart 1915-ci ildə admiral Con de Robekin komandanlığı altında İngiltərə və Fransa donanmasının ən güclü gəmiləri boğazdan keçmək üçün hərəkətə başlayıb. Lakin saat 14:00 radələrində Fransanın "Bouvet" zirehli gəmisi "Nüsrət"in quraşdırdığı minalardan birinə çırpılaraq iki dəqiqə içində batıb. Bundan sonra İngilis "Irresistable" və "Ocean" gəmiləri də minalara çırpılaraq batıblar. Donanma qüvvələri ilə nə Çanaqqala boğazını keçə, nə də İstanbula girə biləcəyini anlayan “Antanta” dövlətləri quruda əməliyyatlar keçirməyə qərar verib. Çünki düşmən donanması gəmilərin artıq üçdən birini itirib. Bir müddət sonra “Antanta”ya məxsus “Solgat” zirehli gəmisi türk gəmisi, “Triumf” və “Majestik” isə alman sualtı qayıqları tərəfindən batırılıb. “İtilaf” donanması böyük təşviş içində geri çəkilib və Çanaqqala dəniz müharibəsi Osmanlının qələbəsi ilə nəticələnib". 

İsmail Cingöz bildirib ki, İngiltərə dənizdən uğur qazana bilmədiyi üçün 25 aprel 1915-ci ildə Gelibolu yarımadasına və Arıburnu cəbhəsinə beş diviziya çıxarıb, üstəlik, əlavə qüvvələr cəlb etmək üçün tədbirlər görüb:

“Müttəfiq orduların quruda hücumu aprelin 28-də başlanıb. Türklərin müdafiədə çətin anlar yaşadığı bir məqamda polkovnik-leytenant Səbri bəy iki taborluq qüvvə ilə qəfil əks-hücuma keçərək müttəfiqlərin cəbhəsini yarıb. Günün sonunadək türklərin itkisi 2380 nəfər, müttəfiqlərin itkisi isə 3000 nəfər olub. Mustafa Kamal düşmənin həmlə edəcəyi yerləri əvvəlcədən doğru təxmin edərək qoşunlarını strateji mövqelərdə yerləşdirib. 57-ci Alay özünü tamamilə qurban verərək Anzak qüvvələrinin irəliləməsinin qarşısını alıb. Mustafa Kamal Atatürkün Conkbayırı döyüşündə “Mən sizə hücum etməyi yоx, ölməyi əmr edirəm!” sözləri Çanaqqala quru döyüşlərinin ruhunu əks etdirən tarixi bir ifadə olub. Bu şanlı qələbə Osmanlı imperiyasının iflasa uğramadığı, mübarizəsini davam etdirdiyi və gələcəkdə müstəqillik uğrunda yeni bir savaşın başlanğıcı olacağına işarə idi. Nəticədə Çanaqqala keçilmədi və tarixdə misilsiz bir qəhrəmanlıq dastanı yazıldı".   

Qeyd edək ki, Birinci Dünya müharibəsinin ən qanlı hərbi əməliyyatlarından olan Çanaqqala müharibəsi zamanı şəhid olanlardan üç mindən çoxu azərbaycanlıdır. Hər il mötəbər gün münasibətilə Çanaqqalada bir sıra rəsmi mərasimlər keçirilir, şəhidlərin xatirəsinə yürüşlər edilir. Bu gün Türkiyənin dövlət rəsmilərinin iştirakı ilə keçirilən ilk mərasim Çanaqqalanın Cümhuriyyət Meydanında baş tutub. Tədbir ölkənin milli müdafiə naziri Yaşar Gülerin “Çanaqqala keçilməz” sözlərinin əks olunduğu xüsusi xatirə nişanını sancdığı Türkiyə bayrağının qaldırılması ilə başlayıb. Bu nişan 1994-cü ildə Türkiyə Böyük Millət Məclisinin (TBMM) qərarı ilə Çanaqqala döyüşlərində şəhid olan 253 min qəhrəmanın xatirəsinə təsis edilib. Sonra Türkiyənin İstiqlal Marşı səsləndirilib, şəhidlərin xatirəsinə milli istehsal gəmilərdən 21 top atışı edilib. Türkiyənin dövlət rəsmiləri Çanaqqala Şəhidliyini ziyarət ediblər. Anım tədbirləri çərçivəsində Türkiyənin Hərbi Hava Qüvvələrinin “Türk Ulduzları” akrobatik komandası Çanaqqala səmalarında nümayiş uçuşu yerinə yetirib və gəmilərin keçidi olub. 

Töhfə Səməd

tag: Çanaqqala,Zəfər,110 il,Anım günü,Todaypress.az,

photo