“Bu hərbi çevriliş deyil, FETÖ-nun üsyanı idi” – Dövlət çevrilişinə cəhddən 8 il ötür
Təhlil
15.07.2024 16:23
Türkiyədə 2016-cı ildən etibarən hər il iyulun 15-də “Demokratiya və Milli Birlik Günü” qeyd olunur. Dövlət çevrilişi cəhdi zamanı həlak olan 250-dən çox mülki şəxs, polis və əsgərin xatirəsi ehtiramla anılır.
O, müdhiş gecədə baş verənləri TodayPress-ə danışan türkiyəli siyasi ekspert Güngör Yavuz Aslan bildirib ki, həmin gün bütün dünya əsl mübarizənin şahidi oldu:
“Həmin vaxt prezident Ərdoğan Marmarisdə idi. O, televiziya vasitəsi ilə xalqa müraciət edərək, onları küçədə mübarizəyə səslədi. Minlərlə əli yalın insan küçələrə axışaraq, xainlərə qarşı sinələrini siper etdilər. Səhərə qədər davam edən qızğın mübarizə nəticəsində çox sayda şəhid verdik. Onların məkirli planlarının reallaşmasına imkan vermədik. Bu türk xalqının tarixi üçün dönüş nöqtəsi idi”.
Ekspertin fikrincə, Türkiyədə növbəti belə bir çevriliş cəhdi gözlənilmir. Ölkədə FETÖ-çulara qarşı mübarizə tam gücü ilə davam edir.
“Türkiyədə demokratiya əvvəlkindən daha güclü işləyir, xalqla uyğunlaşan hökumət gələcək çevrilişlərin qarşısını almaq üçün əlindən gələni edir”. Bunu isə TodayPress-ə açıqlamasında Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Hasan Oktay bildirib. Onun sözlərinə görə, 15 iyul çevriliş cəhdi Türkiyədə indiyə qədər baş verən buna bənzər hadisələrdən daha fərqli çəkiyə malik idi:
“Cümhuriyyət tarixində 27 may 1960-cı il və 12 sentyabr 1980-ci il tarixləri arasında hərbi çevrilişlər baş verib. Burada hərbi komandanlıqlar çevrilişi həyata keçirməyi planlaşdırdığından, bütün əsgərlər hökuməti devirərək müvəqqəti hakimiyyət qurdular. Lakin iyulun 15-də yaşananlar hərbi çevriliş deyil, ordu daxilindəki FETÖ qruplarının üsyanı idi. Hüquq mühafizə orqanlarının apardığı uğurlu əməliyyatlar nəticəsində, növbəti illərdə Türkiyədə yeni hərbi çevriliş və ya üsyan cəhdi təşkil edə biləcək güclü qruplaşmalar demək olar ki, qalmayıb”.
Xatırladaq ki, 2016-cı il iyulun 15-də Türkiyənin 65-ci hökumətinə və Türkiyə prezidentinə qarşı dövlət çevrilişinə cəhd edilib. Hərbi çevrilişə cəhd nəticəsində 180 mülki şəxs, 62 polis, 6 əsgər şəhid olub, 2196 nəfər isə yaralanıb. FETÖ terror təşkilatının törətdiyi dövlət çevrilişi cəhdi Türkiyə xalqının qan yaddaşında acı izlər buraxıb.
Töhfə Səməd
tag: FETÖ, Türkiyə, Üsyan, Prezident, Hərbi Çevriliş, Terror, todaypress.az,