“Bu, bizim üçün yox, Rusiya üçün mühüm əhəmiyyət kəsb edir” - “Ordu-2024” Forumu işə başladı - AÇIQLAMA

Təhlil

12.08.2024 13:20

“Rusiya “Ordu-2024” Forumunu əvvəlkilərdən fərqli olaraq məhdud çərçivədə keçirir”. 

Hərbi ekspert Ədalət Verdiyev bunu Rusiyada keçirilən “Ordu-2024” Beynəlxalq Hərbi-Texniki Forumu barədə TodayPress-ə danışarkən bildirib.  

Onun sözlərinə görə, bu beynəlxalq Forum cəmi iki gün və yanlız Müdafiə Nazirliyinin Moskva vilayətindəki “Patriot” istirahət və mədəniyyət parkı ərazisində keçiriləcək. O, qeyd edib ki, əvvələr Alabino poliqonunda təşkil edilən yarışlar, eləcə də digər mədəni, bədii və əyləncəli proqramlar ləğv edilib. Çünki Rusiyada indi diqqət Ukryana müharibəsinə yönəlib:   

“Bu Forum 2015-ci ildən keçirilir və ənənə halını aldığı üçün ləğv olunmur. Rusiya bunu məcburən keçirdir. Digər tərəfdən isə burada Rusiya tərəfi qonaqlara öz silahlarını, hərbi texnikalarını nümayiş etdirməyə çalışır. İstər-istəməz Rusiya Ukrayna ilə apardığı müharibədən bəlli bir təcrübə əldə edib və bunun sayəsində hazırladıqları yeni silahları öz müttəfiqlərinə və tərəfdaşlıq etdiyi ölkələrə təqdim etmək, onlarla müəyyən müqavilələr imzalamaqla, öz müdafiə sənayesini daha da inkişaf etdirmək məqsədi güdür”. 

Ekspertin fikrincə, hər il keçirilən bu Forum çərçivəsində Rusiya şirkətləri dəyəri altı milyard dollardan çox olan müqavilələr imzalayır ki, bu da, sanksiyalardan əziyyət çəkən Rusiya üçün kifayət qədər böyük rəqəmdir: 

“Bu baxımdan da Forumun keçirilməsi bizim üçün yox, məhz Rusiya üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan tərəfindən ora nümayəndə heyətinin göndərilməməsi məhz bununla bağlıdır. Ola bilər ki, Rusiyadakı Azərbaycan səfirliyi və ya səfirliyin attaşe səviyyəsində Azərbaycan bu tədbirdə təmsil olunsun”.

Qeyd edək ki, bu gündən Rusiyanın Moskva vilayətində “Ordu-2024” Beynəlxalq Hərbi-Texniki Forumu öz işinə başlayıb. Forumda 83 dövlətin nümayəndə heyəti iştirak edir. Bundan əlavə, tədbirə 120-dən çox xarici şirkətin təmsilçiləri də qatılıb. 

Günəş Mərd

tag: Rusiya, Forum, Ukrayna,Azərbaycan, Ədalət Verdiyev, todaypress.az,

photo