Brüsselin Cənubi Qafqaz siyasəti: “Azərbaycan Aİ-dəki mövqeyini gücləndirəcək” – ANALİZ
“Fransanın qeyri-konstrukiv mövqeyi Avropa İttifaqı (Aİ) və Azərbaycanın qarşılıqlı maraqlarına təsir etməyəcək”.
Politoloq Zeynal Əmrəliyev bunu TodayPress-ə danışarkən deyib.
Ekspert Orta Dəhliz layihəsinin Aİ üçün xüsusi önəm kəsb edən məsələ olduğunu və layihədə əsas marşrutun Azərbaycandan keçdiyini qeyd edib. O, bu məsələdə məqsədin iki tərəfli olduğunu düşünür:
“Əvvəla Birləşmiş Ştatların Avropa ilə münasibətlərinin gərginləşməsi fonunda Aİ və Çinin iqtisadi əlaqələri gücləndirməsi xüsusi əhəmiyyət kəsb edir ki, burada da Orta Dəhlizin mühüm əhəmiyyəti var. Nəzərə alaq ki, Aİ ölkələri, xüsusilə Almaniya ilə Çin arasında uzun müddətdir ki, iqtisadi əlaqələrin inkişaf etdirilməsi baxımından əhəmiyyətli görüşlər keçirilir. Hətta Almaniyanın federal kansleri Olaf Şolts 2024-cü ilin aprelində Çinə səfər edərək Çin rəsmilərindən bu barədə geniş şəkildə razılaşma əldə etmişdi ki, Almaniya və Çin arasındakı iqtisadi münasibətlər normallaşdırılsın. Həmin vaxtda artıq Donald Trampın ABŞ-də hakimiyyətə gəlməsi gözlənilən idi və Avropa ölkələri də yaxşı başa düşürdülər ki, Avropa məhz ABŞ-dən, onun yaratdığı iqtisadi çətinliklərdən xilas olmalıdır. Bunun da alternativ yolunu Çində gördülər”.
Analitik SSRİ dağıldıqdan sonra Avropa ölkələrinin Mərkəzi Asiya ölkələri ilə bazarlıq etmək niyyətində olduğundan bəhs edib. Z. Əmrəliyevə görə, onlar Mərkəzi Asiya ölkələrində olan iqtisadi boşluqları doldurmağa çalışırlar və bunun üçün müxtəlif səviyyəli görüşlər, təqdimatlar həyata keçirirlər:
“1990-cı illərdən bu yana Cənubi Qafqazdakı Azərbaycan və Ermənistan münaqişəsi buna əngəl yaradırdı. İndi münaqişə aradan qaldırılıb və Cənubi Qafqazın açarı, lider dövləti Azərbaycandır. Azərbaycanın mühüm mövqeyi Aİ-nin Mərkəzi Asiya ilə ticarətində mühüm rol oynayacaq. Son zamanlarda Avropa ölkələrinin Cənubi Qafqazda marağının artmasının şahidi oluruq. Nəzərə alsaq ki, Aİ-nin enerji təchizatında Rusiya əsas rol oynayırdı, Rusiya ilə gərginləşən münasibətlər, Rusiya-Ukrayna müharibəsi fonunda Rusiyanın enerji sektoruna ciddi zərbə endirildi. Hazırda Azərbaycan Aİ-nin enerji sektorunda aparıcı tərəfdaş ölkə kimi çıxış edir. Avropanın enerji təhlükəsizliyinin qorunmasında Azərbaycanın rolu mühümdür və buna görə də Aİ-nin Azərbaycanda da marağı var. Burada müxtəlif cür variantlar var və Azərbaycan bu yöndə addımlar atır”.
Politoloq Fransanın qeyri-konstruktiv mövqeyinin bu işə mane olacağını düşünmür:
“Azərbaycanın Avropanın digər ölkələri ilə münasibətləri tamamilə fərqlidir. Məsələn, bizim Şərqi Avropa ölkələri ilə münasibətlərimizin Fransa ilə olan münasibətlərimizə heç bir aidiyyəti yoxdur. Ancaq Avropanın bəzi qurumları, xüsusilə də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycana qarşı qərəzli mövqeyinin Fransa ilə eyni xəttdə durması Bakı və Brüssel arasındakı münasibətlərdə gərginlik yarada bilər. Ancaq Aİ ölkələri ilə Azərbaycanın münasibətləri güclənir. Azərbaycan həm də öz siyasətindən Aİ daxilindəki mövqeyinin gücləndirilməsi üçün istifadə edir”.
Zeynal Əmrəliyev sonda əlavə edib ki, Avropa Birliyinin Azərbaycana qarşı ehtiyacı Azərbaycanın birlik daxilindəki mövqelərinin daha da güclənməsinə yardımçı olacaq.
Qeyd edək ki, Avropa Rusiya ilə münasibətlərin gərgin olduğu bir vaxtda Orta Dəhlizə xüsusi önəm verir. Bu marşrut Azərbaycan üzərindən keçərək, Mərkəzi Asiya və Çini Avropa ilə birləşdirən əsas ticarət yoludur. Aİ-nin Mərkəzi Asiya strategiyasının əsasını da məhz bu marşrut təşkil edir. Bununla yanaşı, Fransa kimi bəzi Aİ üzvləri Azərbaycanla gərgin münasibətlərini davam etdirir ki, bu da Brüsselin Cənubi Qafqaz siyasətində balans yaratmasını çətinləşdirir.
Qiymət Mahir
tag: Siyasət,Təhlil,Azərbaycan,Aİ,Fransa,Zeynal Əmrəliyev,todaypress.az,