Britaniya və ABŞ arasında fikir ayrılığı: Ukrayna alternativ axtarışında - TƏHLİL

Təhlil

11.03.2025 18:50

1216

“Artıq Böyük Britaniya ilə Amerika Birləşmiş Ştatlarının siyasi baxışlarında ciddi fərqlər özünü büruzə verməyə başlayıb”.  

Politoloq Tural İsmayılov bunu TodayPress-ə danışarkən deyib. 

O, bu gedişin Amerika lideri Donald Trampın hakimiyyətə gəlməsindən sonra gözlənilən olduğunu diqqətə çatdırıb:  

“Klassik Amerika-Anqlo-Sakson ittifaqı deyə adlandırdığımız siyasi bərabərlik Trampın birinci hakimiyyəti dövründə də zədələnmişdi. Xüsusilə də Ukrayna məsələsinə yanaşmada bu fikir ayrılıqları və ixtilaflar ən yüksək həddə çatıb. 

Hazırda ABŞ-nin Bayden hakimiyyəti zamanı Ukraynaya verilən pulların hesabatını tələb etməsi, həm də bundan sonrakı yardımlarda Birləşmiş Ştatların investorlarının Ukraynanın təbii sərvətlərini istismar etməli olması ilə bağlı Trampın Zelenski qarşısında qoyduğu şərtlər Kiyev ilə Qərb arasındakı münasibətlərdə geniş uçurumlar və paradokslar formalaşdırır. 

Lakin bütün bunlara rəğmən, bu gün Ağ Ev Zelenskini ABŞ investorlarının və şirkətlərinin Ukraynaya daxil olmasına razı sala bilib”.  

Analitikin fikrincə, Ukrayna hakimiyyəti Trampın hakimiyyəti dövründə Amerikadan istəyə biləcəyi hər şeyə görə mütləq formada ya ödəniş etməli, ya da hansısa şərtlərə razı gəlməli olduğunun fərqindədir. Ona görə Ukrayna uzun müddətdir alternativ imkanlar axtarıb.  

“Avropa İttifaqı, Britaniya da Tramp   hakimiyyətindən tamamilə kənar yeni yanaşmalar ortaya qoyur. Xüsusilə də Trampın baxış bucağı Britaniya ilə ABŞ-nin xarici siyasət kursundakı mövqelərində kəskin ziddiyyətlər yaradır. Bu isə özü ilə birgə yeni reallıqlar və qarşıdurmalar gətirəcək”.  

T.İsmayılov sonda vurğulayıb ki, Ukraynada ABŞ-nin bütün Avropa sistemi ilə münasibətlərində ciddi xaos və problemlərin yaşana biləcəyi bir vəziyyət formalaşa bilər. 

Qeyd edək ki, Britaniya ABŞ-nin iştirakı olmadan “Dörd göz” alyansı yaratmağı təklif edib. Bu ittifaq çərçivəsində Kiyevlə kəşfiyyat məlumatlarının mübadiləsi mümkün olacaq.   

Töhfə Səməd

tag: Böyük Britaniya ,ABŞ,Siyasi,Politoloq,Tural İsmayılov,todaypress.az,

photo