Britaniya rəqiblərinə qarşı hazırlaşır: Bu dəfə kiber müstəvidə…

Təhlil

08.05.2025 14:00

17

“Böyük Britaniya rəqibləri ilə artıq klassik müharibə deyil, kiber müharibə müstəvisində qarşılaşmağa hazırlaşır”.

Politoloq Zeynal Əmrəliyev bunu TodayPress-ə açıqlamasında deyib. 

Onun sözlərinə görə, hazırda Birləşmiş Krallığın qarşısında duran ən böyük təhlükə Rusiya tərəfindən gəlir. 

“Son aylarda rusiyalı hakerlərin Böyük Britaniyada fəaliyyət göstərən dövlət qurumları və media orqanlarına qarşı intensiv kiber hücumlar həyata keçirməsi, habelə Moskvanın nüvə silahı ilə bağlı ritorikasını sərtləşdirməsi Londonda narahatlıq doğurur. Britaniyanın Ukraynaya verdiyi dəstək, NATO çərçivəsində hərbi əməkdaşlığını gücləndirməsi Rusiyanın qıcıq doğuran reaksiyalarına səbəb olur. Ancaq bu, eyni zamanda Böyük Britaniyanın özünümüdafiə potensialını gücləndirməsi zərurətini də artırır”.

Analitikin fikrincə, Londonun təhlükə gözlədiyi ikinci əsas istiqamət isə İranla bağlıdır. Bu ölkədən qaynaqlanan kiber hücumlar və regionda fəaliyyət göstərən İranın dəstəklədiyi proksi qüvvələr Böyük Britaniyanın Yaxın Şərqdəki maraqlarına ciddi zərbə vurur.

İranın dəstəklədiyi qüvvələr həm siyasi, həm də təhlükəsizlik baxımından Londona ciddi başağrısı yaradır. Bu da Tehran-London münasibətlərində gərginliyin artmasına səbəb olur.

“Böyük Britaniya üçün daha böyük və təhlükəli təhdidlər isə Uzaq Şərqdən, Çin və Şimali Koreyadan qaynaqlanır. Son zamanlar bu ölkələrə bağlı haker qruplarının Böyük Britaniya banklarına sızaraq maliyyə sabitliyini pozması və ingilis siyasətçiləri ilə iş adamlarını izləməsi haqqında ölkə mediasında dəfələrlə məlumatlar yayımlanıb. Bu, sadəcə iqtisadi deyil, həm də milli təhlükəsizlik üçün təhdiddir. Hədəfə alınan şəxslər haqqında casus məlumatlarının toplanması, onların şəxsi və ictimai fəaliyyətlərinin izlənilməsi ciddi narahatlıq doğurur”.

Politoloqun qənaətincə, yaxın gələcəkdə Britaniya əsas diqqəti informasiya texnologiyaları sahəsində müdafiənin gücləndirilməsinə yönəldəcək. İqtisadi, siyasi və hərbi qurumların informasiya təhlükəsizliyi yenidən qurulacaq, eyni zamanda kiberhücumlara qarşı mübarizə aparmaq üçün ixtisaslaşdırılmış güclü haker qrupları yaradılacaq. 

Qeyd edək ki, Birləşmiş Krallıq mümkün hərbi təhlükələrə qarşı cavab tədbirlərini müəyyənləşdirən yeni müdafiə planı hazırlayır.

“Milli Müdafiə Planı” ölkəyə qarşı hücum halında ilk günlərdə görüləcək addımların ardıcıllığını müəyyən edəcək.

Məlumata görə, gizli sənəddə Böyük Britaniya hökumətinin müharibə elanına necə reaksiya verəcəyi, fövqəladə hallarda nazirlər kabinetinin və kral ailəsinin təhlükəsizliyinin təmin olunması, dövlət yayımının davam etdirilməsi və strateji ehtiyatların toplanması kimi məsələlər əhatə olunacaq. 

Töhfə Səməd

tag: Zeynal Əmirəliyev,Politoloq,Britaniya,Kibertəhlükəsizlik,Todaypress.az,

photo