"Binokl şousu”nun növbəti qurbanı: Duda sərhəddə nə axtarır? - Politoloq rəyi
Təhlil
28.11.2024 15:58
“Avropa dövlətləri Ermənistanın daxili işlərinə qarışırlar və qarşıdan gələn parlament seçkiləri ilə bağlı indidən iş görməyə başlayıblar. Lakin bu Avropa dövlətlərinə anti-Azərbaycan siyasəti yürütməyə haqq qazandırmır”.
Politoloq İlyas Hüseynov bunu TodayPress-ə açıqlamasında deyib.
O, qeyd edib ki, bu, eyni zamanda Polşa prezidenti Andjey Dudanın Azərbaycanla sərhədə gələrək burada bizim ərazilərimizə “binokl”la baxmasına və “binokl diplomatiyası”nın bir parçası olmağına əsas vermir:
“Polşa prezidenti hətta bir qədər də irəliyə gedərək sərhəddə nümayəndə heyətinin həcmini artırmaq haqqında fikir irəli sürüb. Rəsmi Varşava bu zaman Azərbaycanla arasındakı strateji tərəfdaşlıq əlaqələrini zərbə altına qoyur. Maraqlıdır ki, Polşa hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən dövlət olub. Burada anlaşılmaz bir anti-Azərbaycan ritorikası və münasibətlər yaranır”.
Analitik diqqətə çatdırıb ki, Ermənistan hazırda Avropa institutlarına inteqrasiyanı özünə prioritet seçib:
“Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra bu aydın şəkildə özünü göstərir. Ayrı-ayrı Avropa dövlətləri də bu xüsusda Ermənistana dəstək olurlar. Burada əsas məqsəd Rusiyanın Ermənistandakı rolunu azaltmaqdır”.
İlyas Hüseynov əmindir ki, Azərbaycan Polşaya diplomatik kanallarla eyni formada cavab vermək üçün əlində kifayət qədər əsaslar saxlayır.
Xatırladaq ki, Ermənistanda səfərdə olan Polşa Prezidenti Andjey Duda noyabrın 27-də Azərbaycanla sərhədə gedərək Avropa İttifaqının ölkədəki müşahidə missiyasının Polşadan olan heyəti ilə görüşüb. Rəsmi Bakı Dudanın bu addımına münasibət bildirərək, onun "binokl şousu”nda iştirak etməsindən təəssüfləndiyini bəyan edib.
Noyabrın 28-də isə Polşanın müvəqqəti işlər vəkili Mixal Qreçilo Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Görüş zamanı ona Azərbaycan tərəfinin xəbərdarlıqlarına baxmayaraq, Polşa Prezidenti Andjey Dudanın Ermənistan-Azərbaycan sərhəd bölgəsinə, hələ də bu ölkənin işğalı altında olan Kərki kəndinə yaxın əraziyə səfər edərək Avropa İttifaqının Missiyası ilə birgə Azərbaycan əleyhinə təbliğatda iştirakına etiraz bildirilib.
Günəş Mərd
tag: Azərbaycan, Ermənistan, Polşa, XİN, Andjey Duda, Avropa, todaypress.az,