Balıqlar niyə Xəzəri tərk edir? – Həyəcan təbili çalındı
Son illərdə Azərbaycanda süni balıq göllərinin sayı artıb. Bunun əsas səbəbi isə daxili su hövzələrində balıqların sayının kəskin azalmasıdır. Təkcə Xəzər dənizində suyun səviyyəsinin enməsi nəticəsində 10 ildən çoxdur ki, balıqların sayı azalmağa doğru gedir. Buna nümunə kimi isə bazarda satılan balıqlarla bağlı alıcıların şikayətlərini göstərmək olar. Belə ki, müştərilərin iddialarına əsasən, piştaxtalardakı dəniz məhsullarının çoxu dadsızdır və onlardan qəribə qoxu gəlir. Ümumiyyətlə “əsl” balıq tapmaq çətinləşib. Digər tərəfdən mayın 1-dən sentyabrın 1-dək ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir. Yəni həmin müddət ərzində balıq ovu qadağan olunur.
Bir çoxları buna səbəb kimi balıqların sayının azalmasını göstərsə də, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov TodayPress-ə bildirib ki, bu, sadəcə balıqların kürütökmə mövsümü ilə əlaqədardır:
“Uzun müddətdir ki, bu sistem tətbiq edilir. Azərbaycanda müəyyən zaman dilimlərində sənayeyə balıq tutulması qadağan edilir ki, balıqlar rahat kürülərini töküb artsınlar. Moratorium tətbiq olunmasa, bu zaman balıq potensialımıza ciddi ziyan dəyə bilər. Qadağa isə sentyabrın 1-nə qədərdir. Həmin tarixdən sonra yenidən icazə veriləcək”.
Ekoloq diqqətə çatdırıb ki, moratoriumun tilovla balıq ovlanmasına heç bir aidiyyatı yoxdur. İstənilən şəxs tilovla müəyyən miqdarda balıq tuta bilər. Bununla yanaşı, balıqların sayının azalmasının əsas səbəbi kimi çayların çirklənməsi, sənaye tullantıları, qanunsuz balıq ovu, brakonyerlik, iqlim dəyişikliyi, dəniz və çayların bioloji müxtəlifliyinin pozulması göstərilib.
“Azərbaycanda bu problemin qarşısını almaq üçün müxtəlif tədbirlər həyata keçirilir. Məsələn, nərə balığı və digər nadir növlərin süni artırılması və təbii su hövzələrinə buraxılması, balıq ovuna, xüsusilə nərə cinslərinə moratorium tətbiqi, həmçinin çayların və Xəzər dənizinin ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün layihələr bura daxildir. Ümumiyyətlə son 20 ildə Xəzər dənizində nərə balığı istehsalı demək olar ki, kvota ilə aparılır. Balıqçılığın inkişafı üçün xeyli tədbirlər görülür. Süni balıq artımı məntəqələrində yetişdirilən çömçəquyruqlar həyatlarının ilkin mərhələsində Xəzər dənizinə və oraya tökülən çaylara, xüsusilə Kür çayının aşağı hissəsinə buraxılır”.
Qeyd edək ki, Azərbaycanda son illərdə sayı kəskin azalan balıq növləri arasında nərə balığı birinci yerdə gəlir. Bununla yanaşı, qızılbalıq, xəşəm, sazan, xul balıqlarının da sayı azalmaqdadır.
Töhfə Səməd
tag: Xəzər Dənizi,Balıq,Həyəcan ,Təbili,Todaypress.az,
