Bakı və Tehran münasibətləri yeni fazada: “Geosiyasi vəziyyət əməkdaşlığı diktə edir” – TƏHLİL
Təhlil
04.02.2025 16:29
“Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin İran İslam Respublikasına səfəri indiki məqamda həm Azərbaycan, həm də İran üçün çox əhəmiyyətlidir".
Politoloq Turan Rzayev bunu Hikmət Hacıyevin İrana səfərini TodayPress-ə şərh edərkən deyib.
O, Azərbaycanla İran arasında münasibətlərin normallaşması fonunda edilən diplomatik səfəri yüksək qiymətləndirib:
“İran Azərbaycanla münasibətləri qaydaya salmağa çalışır. Tehranın son zamanlar Bakının tələblərini yerinə yetirməsi, hətta bəzi məsələlərdə güzəştə getməsi bunu deməyə əsas verir. Söhbət 2023-cü ildə İran İslam Respublikasında saxlanılmış Fərid Səfərlinin Azərbaycana təhvil verilməsi, 2023-cü il yanvarın 27-də səfirliyimizə hücum edən Yasin Hüseynzadə ilə bağlı məhkəmənin edam hökmünün təsdiqlənməsindən gedir”.
Politoloqun bu səfərin münasibətlərin daha da yaxşılaşdırılması üçün ilk olmadığını vurğulayıb:
“H.Hacıyevdən öncə isə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Dövlətlərarası Komissiyasının 16-cı iclasında iştirak etmək məqsədilə İrana səfər etmişdi. Bu mənada H. Hacıyevin İrana səfəri diplomatik təmasların davamı mahiyyəti daşıyır”. Analitik qeyd edib ki, bu səfərlə bağlı bir neçə diqqətçəkən məqam var:
“Hikmət Hacıyev İran Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşündə deyib ki, Azərbaycan tərəfdən İrana heç bir təhdid olmayacaq. Azərbaycan İranla heç bir məhdudiyyət olmadan və qarşılıqlı fayda əsasında mehriban qonşuluq şəraitində siyasi, iqtisadi və mədəni əlaqələri inkişaf etdirməkdə maraqlıdır”.
İndiki məqamda bu çox mühüm açıqlamadır. İran hər zaman Azərbaycandan təhlükə gözləyib. Dəyişən geosiyasi vəziyyət isə bu narahatlığı daha da artırıb. Hərçənd rəsmi Bakı cənub qonşusunu narahat edəcək heç bir addım atmayıb. Əksinə bu işdə Ermənistan daha riskli addımlar atır. Məsələn, ABŞ ilə imzalanan strateji tərafdaşlıq sazişi və Aİ mülki missiyasının daha iki il Ermənistanda fəaliyyət göstərməsinə kimi razılıqlar Tehranın Bakıdan çox, İrəvandan narahat olmalı olduğunu təsdiqləyir”.
Analitik tərəflər arasında nəqliyyat məsələlərinin müzakirə edildiyini diqqətə çatdırıb:
“H.Hacıyev Mehdi Sənayi və xarici işlər naziri Abbas Əraqçi ilə Ağbənd – Naxçıvan və Şimal-Cənub Nəqliyyat dəhlizləri məsələlərini müzakirə edib. Aydın məsələdir ki, Ermənistan Zəngəzur dəhlizinin açılmasını yubadır. Son günlər isə alternativ təkliflər verərək gündəmi və 10 noyabr bəyanatındakı tələbləri dəyişmək istəyir. Bakı bunun fərqindədir və İranla alternativ vasitələri nəzərdən yetirir. Əslində dəhliz açılsa da, Bakı bu məsələdən geri durmayacaq. Çünki alternativin olması gələcəkdə ehtimal gərginliklər fonunda Bakıya manevr imkanı yaradacaq”.
T.Rzayev sonda İran-Azərbaycan münasibətlərində müşahidə olunan gərginliyin artıq öz yerini normallaşmaya verdiyini deyib:
“Təbii ki, bunu münasibətlərin birmənalı normallaşması, ya da İranın səmimi yaxınlaşması kimi qəbul etmək də olmaz. Bununla belə, geosiyasi vəziyyət, regional risk faktorları Tehrana ədavəti əməkdaşlıqla əvəz etməyi diktə edir”.
Qeyd edək ki, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev cari ilin 1 fevral tarixində İran İslam Respublikasına səfər edib. Hikmət Hacıyev İran Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşüb, ikitərəfli əlaqələr və regional əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıb. Daha sonra Hikmət Hacıyev ölkəmizin İrandakı səfirliyinin yeni binasını ziyarət edib. Eyni zamanda Prezdentin köməkçisini İran İslam Respublikasını Prezidenti Məsud Pezeşkian qəbul edib.
Nicat Osman
tag: İran,Azərbaycan,Səfər,Görüş,Hikmət Hacıyev,Politoloq,Turan Rzayev,Todaypress.az,