Bakı və Moskva “buzları əridir”? - Matviyenkonun səfərinin detalları...

Təhlil

17.03.2025 17:26

1859

“Qroznı hava məkanında AZAL-a məxsus mülki təyyarənin qəzaya uğramasından sonra Rusiya və Azərbaycan arasında münasibətlərdə soyuqluq yaranıb. Bu gərginliyin əsas səbəbkarı Rusiya olub, çünki Azərbaycanın haqlı tələbləri cavabsız qalıb”. 

Politoloq İlyas Hüseynov bunu TodayPress-ə danışarkən deyib.

Həmçinin o, bildirilib ki, Rusiya tərəfi vəziyyətin daha da gərginləşməsinə səbəb olan bir sıra addımlar atıb:

“Müxtəlif ekspertlərin və deputatların açıqlamaları da ikitərəfli münasibətlərə mənfi təsir göstərdi. Lakin zaman keçdikcə Rusiyanın Azərbaycana münasibətində müəyyən yumşalma əlamətləri görünməyə başladı. Bu istiqamətdə ilk addım Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov tərəfindən atıldı. Digər tərəfdən, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun Bakıya səfəri də mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq görülən işlər, o cümlədən Moskvada onun şərəfinə abidənin təməlinin qoyulması Rusiya ilə Bakı arasında münasibətlərin normallaşdırılması və inkişafı üçün atılan addımlar kimi qiymətləndirilə bilər. Bundan əlavə, təyyarə qəzasına görə sığorta şirkəti tərəfindən dəymiş ziyanın ödənilməsi də bu istiqamətdə mühüm məqamdır”. 

Ekspert hesab edir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 9 May – Böyük Vətən müharibəsində Qələbənin 80 illiyi münasibətilə Moskvaya planlaşdırılan səfəri çərçivəsində Azərbaycanın digər haqlı tələblərinin də yerinə yetirilməsi gözlənilir:

“Buraya qəza nəticəsində həyatını itirən şəxslərin ailələrinə Rusiya tərəfindən kompensasiyanın ödənilməsi və qəzanın günahkarlarının məsuliyyətə cəlb olunması daxildir. Əgər bu tələblər yerinə yetirilərsə, bu, Azərbaycan-Rusiya münasibətlərinin daha da yaxınlaşmasına və normallaşmasına töhfə verə bilər”.

Qeyd edək ki, martın 16-da Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Bakıya rəsmi səfərə gəlib. 

Qiymət Mahir

tag: İlyas Hüseynov,Politoloq,Rusiya,Azərbaycan,Todaypress.az,

photo