Bakı-Təbriz aviareysi açılır? – AÇIQLAMA
“Bakı ilə Təbriz arasında birbaşa aviareyslərin açılmasına real tələbat yoxdur”.
İqtisadçı Elçin Rəşidov bunu TodayPress-ə danışarkən bildirib.
Onun sözlərinə görə, hazırda quru sərhədlərin bağlı olması bu istiqamətdə süni tələbat yaradır.
“Elə bir hal eşitməmişəm ki, kimsə Bakıdan Təbrizə getmək istəsin. Əsas əlaqələr Naxçıvanla Təbriz arasında mövcuddur. Amma digərlərinin Təbrizlə nə əlaqəsi, nə münasibəti, nə də qohumluğu var. Bu problemi həll etmək üçün hava nəqliyyatından əvvəl quru sərhədləri açılmalıdır. Bakı-Təbriz aviareysi əvəzinə quru sərhədlərlə Təbrizə və onun ətrafındakı şəhərlərə, eləcə də Bakıya daha yaxın olan Ərdəbilə rahat gediş-gəlişi təmin etmək mümkündür”.
İqtisadçının fikrincə, Bakı-Təbriz aviareysi süni şəkildə yaradılarsa, əlavə xərclərə səbəb ola bilər. Əgər bu aviareys təbii şəkildə formalaşsa, gündəlik deyil, daha az tezliklə fəaliyyət göstərə bilər.
Qeyd edək ki, Şərqi Azərbaycan vilayətinin qubernatoru Bəhram Sərmast bildirib ki, Təbrizdən Bakıya və əks istiqamətdə birbaşa aviareysin bərpası imkanları nəzərdən keçirilir.
O, bu barədə Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevlə görüşdə deyib.
Türkan İsgəndərli
tag: Bakı,Təbriz,Elçin Rəşidov,İqtisadçı,Todaypress.az,
