Bakı ilə Pekini yaxınlaşdıran ortaq maraqlar: YENİ MƏRHƏLƏ – Politoloq şərhi

Təhlil

06.07.2024 11:43

“Bu gün ölkəmiz bütün önəmli regional və qlobal güclərlə konstruktiv əlaqələr formalaşdırır. Bu konteksdə Çin xüsusi yer tutur. Azərbaycan Çin üçün, Çin də Azərbaycan üçün çox önəmli tərəfdaşlar olduğunu ikitərəfli istiqamətdə atılan bütün addımlarla sübut edirlər”. 

Bu sözləri TodayPress-ə açıqlamasında politoloq Züriyə Qarayeva bildirib. 

O, qeyd edib ki, coğrafi baxımdan biri-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq ölkəmiz dünyanın ikinci böyük iqtisadiyyatına, qlobal münasibətlərdə böyük çəkiyə və nüfuza malik bu dövlətlə demək olar ki, bütün istiqamətlərdə sıx əlaqələrə malikdir: 

“Astanada keçirilən ŞƏT-in növbəti zirvə toplantısı Azərbaycan Çin münasibətləri baxımından əlamətdar oldu. Belə ki, sammit çərçivəsində Prezident İlham Əliyevin Çin lideri Si Cinpin ilə görüşü Azərbaycan-Çin əməkdaşlığının genişlənməsi, dərinləşməsi və intensivləşməsi ilə yadda qaldı. Qarşılıqlı münasibətlər ərazi bütövlüyü və suverenliyə qarşılıqlı hörmət, daxili işlərə qarışmama prinsiplərinə əsaslanır ki, separatçılıqdan uzun illər əziyyət çəkən Azərbaycan “Vahid Çin” prinsipini qətiyyətlə dəstəklədiyini və Tayvanı Çinin ayrılmaz hissəsi kimi qəbul etdiyini bəyan etməsi, Çinin də hər zaman ölkəmizin ərazi bütövlüyünü dəstəkləməsi fonunda həmahəng oldu”. 

Züriyə Qarayevanın sözlərinə görə, Azərbaycan Çinlə nəqliyyat–logistikaya dair qlobal təşəbbüslər müstəvisində də sıx əməkdaşlıq qurub:

“Bir kəmər, bir yol” layihəsinin mühüm hissəsi olan Orta Dəhlizin infrastrukturunun inkişafına əhəmiyyətli investisiyalar yatırılıb. Çinin irəli sürdüyü “Kəmər və Yol təşəbbüsünü” ilk dəstəkləyən ölkələrdən biri Azərbaycan olub. Bu kontekstdə "Orta Dəhliz” layihəsi Mərkəzi Asiya və Azərbaycandan keçməklə çox perspektivi olan bir layihəyə çevrilir. Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yol Bakı-Tbilisi-Qars dəmir yolu həmin dəhlizin mühüm tərkib hissəsidir. Bu yolla Avropa Anadolu və Cənubi Qafqaz vasitəsilə Mərkəzi Asiya, Uzaq Şərq və Cənubi Asiya ilə birləşməsi ilə yanaşı, Çindən göndərilən yüklərin Türkiyə vasitəsilə Qərbi Avropa ölkələrinə çatdırılması isə ümumilikdə cəmi 18 günə baş verir”.

Qeyd edək ki, Azərbaycan Respublikası yarandıqdan sonra onun müstəqilliyini tanıyan ilk ölkələrdən biri də Çin Xalq Respublikası olub. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il aprelin 2-də qurulub. 

Töhfə Səməd

tag: Azərbaycan, Çin,Züriyə Qarayeva, Nəqliyyat, Orta Dəhliz, todaypress.az,

photo