Bakı əsas “kozır”ını işə saldı: “Ermənistan hakimiyyəti təşviş içindədir...” – TƏHLİL

Təhlil

27.03.2025 18:23

1128

“Ermənistanın Baş naziri Nikol Paşinyanın ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı Bakı ilə müzakirələr aparmağa hazır olduqlarını açıqlaması müsbət hadisədir, ancaq İrəvanın bu mövqeyinin əsas səbəbi Azərbaycanın ortaya qoyduğu “Qərbi Azərbaycan” məsələsindən duyduğu ciddi narahatlıqdır.” 

Politoloq Turan Rzayev bunu TodayPress-ə açıqlamasında bildirib. 

Ekspert qeyd edib ki, ATƏT-in Minsk Qrupunun faktiki olaraq fəaliyyətsiz qalması və Qarabağ münaqişəsinin artıq hərbi yolla həll olunması fonunda qurumun mövcudluğu mənasını itirib:

“ATƏT-in Minsk Qrupunun ləğvi Azərbaycanın sülh müqaviləsi çərçivəsindən kənarda qoyduğu haqlı tələblərindən biridir. Faktiki olaraq, Minsk Qrupunun saxlanılmasına heç bir ehtiyac yoxdur, çünki o, artıq öz missiyasını yerinə yetirə bilmədi və formal mövcudluqdan başqa heç bir rol oynamır. Paşinyanın indiki mərhələdə rəsmi Bakı ilə qurumun ləğvi məsələsini müzakirəyə hazır olduğunu bildirməsi müsbət və ümidverici addımdır. Lakin Ermənistan rəhbərinin açıqlamasında diqqəti çəkən başqa vacib məqam var. O bildirir ki, Ermənistan bunu qəbul etməkdə məqsədi Azərbaycanın “Qərbi Azərbaycan” məsələsini yenidən qaldırmayacağına əmin olmaqdır. Deməli, İrəvan üçün əsas problem məhz Qərbi azərbaycanlıların geri qayıtmaq məsələsidir və bu məsələ Ermənistan hakimiyyətini ciddi şəkildə narahat edir”. 

Analitik hesab edir ki, rəsmi Bakı Qarabağ ermənilərinin reinteqrasiyasına şərait yaratdığı halda, Ermənistan Qərbi azərbaycanlıların geri dönüşünü heç bir halda qəbul etmir və bu məsələni müzakirə etməkdən qaçır: 

“Azərbaycan Qarabağ ermənilərinə reinteqrasiya təklifi verdi, bunu qəbul etməyənlərin Ermənistana təhlükəsiz keçidinə şərait yaratdı və indi də geri qayıtmaq istəyənlər üçün qapıları açıq saxlayır. Ermənistan isə buna cavab olaraq Qərbi azərbaycanlıların öz doğma torpaqlarına geri qayıtmasına qarşı qəti şəkildə çıxır. Paşinyanı ən çox narahat edən məqam, Azərbaycan hökumətinin dəstəyi ilə Qərbi azərbaycanlıların Ermənistana geri qayıtmaq üçün təşkilatlanma potensialıdır. Azərbaycanın yüksək demoqrafik artım tempi, Qərbi azərbaycanlıların köç prosesini reallaşdıraraq, regionda Bakı üçün ciddi üstünlük yarada bilər. Paşinyan bu riski çox yaxşı anlayır və bunun qarşısını almaq məqsədilə Minsk Qrupunun ləğvi ilə bağlı Bakı ilə danışıqlara hazır olduğunu göstərir.” 

T. Rzayev qeyd edib ki, Ermənistan Minsk Qrupunun ləğvini qəbul etsə belə, Bakı Qərbi Azərbaycan məsələsindən imtina etmək niyyətində deyil: 

“Minsk Qrupunun buraxılması ilə bağlı Ermənistanın mövqeyi sona qədər dəyişməsə, bu müsbətdir. Ancaq Qərbi Azərbaycan məsələsi tamam fərqlidir və daha geniş müzakirələr, yeni format tələb edir. Bu, Azərbaycanın İrəvana qarşı ən ciddi “kozır”larından biridir və Bakı bu imkanından asanlıqla imtina etməyəcək”.

Qeyd edək ki, martın 27-də  Ermənistanın Baş naziri Nikol Paşinyan ATƏT-in Minsk qrupunun ləğvi məsələsini müzakirə etməyə hazır olduqlarını bəyan edib.

Qiymət Mahir

tag: Turan Rzayev ,Politoloq,Ermənistan,Azərbaycan,Todaypress.az,

photo