“Azərbaycanın Ukrayna ilə bağlı mövqeyi dünyaya örnəkdir” - POLİTOLOQ RƏYİ

Təhlil

15.03.2025 17:30

1534

“Qərb ölkələri artıq Ukraynanın ərazi bütövlüyü haqqında qətiyyən düşünmürlər”.

Politoloq Elçin Xalidbəyli bunu TodayPress-ə danışarkən deyib. 

O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynanın ərazi bütövlüyünü tanıdığını və dəstəklədiyini dəfələrlə bəyan etməsi bütün dünyaya örnəkdir.     

“Azərbaycan Prezidenti bu dəfə də beynəlxalq hüquq normalarına sayğılı yanaşma tərzinə sadiq qaldı və Ukraynanın çətin günlərdə öz ərazi bütövlüyünü müdafiə etməli olduğunu vuğuladı. Bununla da dünyaya olduqca böyük örnək nümayiş etdirmiş oldu. Çünki hazırda nə ABŞ, nə də Avropa İttifaqı (Aİ) ölkələri Ukraynanın ərazi bütövlüyü haqqında danışmağa həvəs göstərmirlər, əksinə, Ukraynanın bölüşdürülməsi, onun təbii sərvətlərinin ələ keçirilməsi uğurunda bütün mümkün addımları atmağa çalışırlar. Belə bir zamanda məhz Prezident İlham Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı məsələni gündəmə gətirməsi olduqca ciddi hadisədir. Ən əsası isə Prezidentin Ukraynanın ərazi bütövlüyünün müdafiə olunması ilə bağlı məqamı xüsusi olaraq qabartması bir mənalı şəkildə beynəlxalq hüquq normalarına uyğundur. Beynəlxalq hüquq normalarına görə Ukraynanın sərhədləri bəllidir, onun ərazi bütövlüyü təmin edilməlidir”. 

Ekspert qeyd edib ki, Qərb ölkələri Ukraynanın ərazi bütövlüyü haqqında artıq qətiyyən düşünmürlər:

“ABŞ Ukraynanın ərazi bütövlüyünün bərpa olunmasının mümkün olmayacağına yönəlik açıq və ya dolayısı eyhamlar vurur. Rusiya isə ümumiyyətlə Ukraynanın ərazi bütövlüyünü tanımır və onun işğal olunmuş ərazilərini öz sərhədləri daxilinə qatmağa cəhd göstərir. Ancaq Qərb dövlətləri və Rusiyanın necə düşünməsindən asılı olmayaraq, beynəlxalq hüquq normaları var. Həmin normalar Ukraynanın ərazi bütövlüyünün yanındadır və onun dəstəklənməsi üçün hüquqi bazadır”. 

E. Xalidbəyli əlavə edib ki, bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi, ərazi bütövlüyünün təmin olunmasına çağırışlar etməsi bütün dünyaya, o cümlədən Qərbə ciddi örnəkdir.

Analitikə görə, həmçinin bu, Azərbaycanın heç kimdən, o cümlədən Rusiyadan da çəkinmədiyini göstərən olduqca önəmli faktordur.   

Qiymət Mahir

tag: Elçin Xalidbəyli,Politoloq,Ukrayna,Azərbaycan,Todaypress.az,

photo