Azərbaycanın geosiyasi əhəmiyyəti: Aİ-nin strateji tərəfdaşlıq arzusu artır...
“Dünyada artmaqda olan qeyri-müəyyənlik və siyasi gərginlik fonunda qlobal münasibətlər sistemində təkcə böyük güclər deyil, həm də mühüm coğrafi mövqeyə və iqtisadi potensiala malik olan kiçik dövlətlər üçün yeni imkanlar formalaşır”.
TodayPress xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Məsimli deyib.
O, bu kontekstdə Azərbaycanın artan geosiyasi və geoiqtisadi əhəmiyyətinə diqqət çəkərək bildirib ki, ölkəmiz beynəlxalq hüquqa, qarşılıqlı hörmətə və faydalı əməkdaşlıq prinsiplərinə əsaslanan müstəqil və praqmatik siyasət həyata keçirir.
“Bu siyasət çərçivəsində Azərbaycan beynəlxalq təhlükəsizlik risklərini neytrallaşdırmağa, milli maraqları effektiv təmin etməyə və iqtisadi əlaqələrini daha da şaxələndirməyə çalışır. Xüsusilə ABŞ-nin son gömrük tarifi siyasətindən sonra formalaşan qlobal ticarət müharibəsi gözləntiləri fonunda Azərbaycanın iqtisadi dayanıqlığını artırmaq üçün diversifikasiya strategiyası xüsusi əhəmiyyət daşıyır. Bu gün Azərbaycanın xarici ticarət əlaqələrində Avropa İttifaqı (Aİ) mühüm yer tutur. Azərbaycan ittifaqın doqquz üzvü ilə strateji tərəfdaşlıq sənədi imzalayıb. Cənub Qaz Dəhlizi 12 ölkənin, o cümlədən səkkizi Aİ üzvü olan dövlətlərin enerji təhlükəsizliyinə mühüm töhfə verir. Avropa Komissiyası da məhz bu əsaslara söykənərək Azərbaycanı etibarlı tərəfdaş və ümum-Avropa qaz təchizatçısı kimi tanıyır”.
Deputatın sözlərinə görə, son statistika bu əlaqələrin sürətlə dərinləşdiyini göstərir. Belə ki, 2025-ci ilin ilk rübündə Azərbaycanın Aİ ilə ticarət dövriyyəsi ümumi xarici ticarətin 44 faizini təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz artıb.
Aİ-yə üzv olan İtaliya, Almaniya və Çexiya kimi ölkələrlə ticarət dövriyyəsində ciddi artım müşahidə olunub. Məsələn, Almaniya ilə ticarət dövriyyəsi 2,8 dəfə, ixrac 5 dəfə artıb.
Millət vəkili diqqətə çatdırıb ki, digər mühüm hadisə isə Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri zamanı aprelin 23-də imzalanan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” olub.
Bu sənəd Azərbaycanın "Bir kəmər, bir yol" təşəbbüsü ilə “İpək Yolunun dirçəldilməsi” və 2030-cu ilə qədərki sosial-iqtisadi inkişaf strategiyası arasında uyğunluğun möhkəmləndirilməsini nəzərdə tutur.
“Çin və Aİ arasında 2024-cü ildə ümumi ticarət dövriyyəsi 831 milyard dollar təşkil edib. Azərbaycan bu iki iqtisadi nəhəng arasında yerləşməklə, orta dəhlizin əsas keçid ölkəsinə çevrilmək imkanına malikdir. Əgər Ümumdünya Ticarət Təşkilatı çərçivəsində Çin və Aİ arasında ticarət əlaqələri gözlənilən səviyyədə inkişaf edərsə, Azərbaycanın rolu daha da artacaq”.
Parlamentari vurğulayıb ki, Azərbaycanın Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu layihəsində fəal iştirakı ölkəmizi Mərkəzi Asiyadan Avropaya gedən strateji yolun lokomotivinə çevirir. Bu marşrut, həm də "Bir kəmər, bir yol" təşəbbüsünün gerçəkləşməsi baxımından əvəzolunmaz əhəmiyyətə malikdir.
Sonda Ə. Məsimli qeyd edib ki, Azərbaycan dayanıqlı iqtisadi artım və müasir dövlətçilik modeli qurmaq üçün müəyyən etdiyi beş milli prioritet: rəqabət qabiliyyətli iqtisadiyyat, sosial ədalət, insan kapitalı, Böyük Qayıdış və “yaşıl artım” əsasında addımlarını davam etdirir.
Bu hədəflərə çatmaq üçün isə Azərbaycanın xarici tərəfdaşlarla münasibətlərini dərinləşdirməsi və qlobal layihələrdə əsas oyunçulardan birinə çevrilməsi zəruridir.
Töhfə Səməd
tag: Əli Məsimli,Deputat,Azərbaycan,Geosiyasi,Todaypress.az,
