Azərbaycanın ABŞ-İsrail strategiyasındakı yeri - TƏHLİL

Təhlil

19.03.2025 12:12

895

“Azərbaycanla İsrail 30 illik münasibətlərini üst səviyyəyə qədər irəlilədiblər, həm də özlərini etibarlı tərəfdaş kimi sübut ediblər. Azərbaycan-İsrail əlaqələrinin dərinləşməsindən ABŞ-nin necə faydalana biləcəyi isə Donald Tramp administrasiyasının diqqətindədir”. 

TodayPress xəbər verir ki, bu fikirləri politoloq Aqşin Kərimov deyib.

Onun sözlərinə görə, Ağ Evin diqqətini Cənubi Qafqaz regionuna yönləndirməkdə İsrail dövləti və yəhudi lobbisinin koordinasiya edilmiş hərəkətləri nəzərə çarpır. 

Politoloq mövzu ilə bağlı bir neçə məqamı diqqətə çatdırıb: 

“İsrailin Baş nazirinin ofisi martın 5-də Vaşinqtonla üçtərəfli danışıqların fəal olduğunu bəyan edib. Bəyanatda bildirilib ki, Azərbaycan təhlükəsizlik, ticarət, texnologiya və enerji sektorlarında əməkdaşlığı əhatə edən əlaqələri ilə Qafqaz regionunda İsrailin mühüm strateji müttəfiqidir. ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Moskvaya səfər etdikdən sonra Bakıya eniş edib. Bu, İsrail, ABŞ və Azərbaycan arasında yaxşı əlaqələndirilmiş diplomatik addım kimi görünür. Fikrimcə, İsrail bu əməkdaşlıqda Rusiyanın da rolunu sınamaqda maraqlıdır və bu, Ağ Evlə Kremlin Ukrayna üzərindən sövdələşməsinin miqyasını göstərir”.   

 Analitikin fikrincə, bu proseslər, ABŞ administrasiyasının da regional strateji mənfəətlərinin təminində rol oynayır. Ona görə də, ABŞ Azərbaycanla əlaqələrini dərinləşdirmək üçün İsrailin Azərbaycanla yaxın əlaqələrinə əsaslanan istiqamətə doğru irəliləyir. Ekspert hesab edir ki, ABŞ və İsrailin Azərbaycan-ABŞ-İsraildən ibarət təhlükəsizlik üçbucağı yaratması niyyəti İranın təsirlərinə qarşı genişlənmiş tərəfdaşlıq qazanmaq niyyətinə söykənir. 

Politoloq Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyinin Tehranı kənarda saxlamaq üçün yaxşı vasitə ola biləcəyini bildirib. Onun sözlərinə görə, bütün bunlara baxmayaraq, Azərbaycan İranla münasibətlərin böhranlı modelini və gərginləşməsini izləməkdən uzaqdır. 

Siyasi şərhçi qeyd edib ki, Azərbaycan üçün regional gərginliklər, əlavə geosiyasi ziddiyyətlər lazım deyil, bununla belə, Ağ Ev və İsrailin İranla əlaqədar masada olan planlarına Bakının müdaxiləsi çətindir. 

Ancaq regionda İranla əlaqədar yenilənmiş cəbhədə Azərbaycan yer almamaqla öz niyyətinin səmimiliyini də göstərir.

“Yaxın Şərqdə yorğun düşmüş İran Cənubi Qafqazda da mürəkkəb tənliklərlə üzləşməsini nəzərə alıb Azərbaycanın maraqlarına konstruktiv cavab verməlidir. Onsuz da, İranın regional təsir rıçaqları zəifləyib, bununla belə, onun resurs və potensiallarını yenidən Azərbaycana qarşı cəmləyəcəyi istisna deyil. Bu ssenari Tehran üçün xeyir gətirməyəcək. Çünki İran Azərbaycana qarşı istifadə etdiyi vasitələrdən – proksi müharibədən və Ermənistana dəstəkdən - məhrum edilir. Üstəlik, Azərbaycanın müttəfiqi Türkiyə ilə bərabər digər tərəfdaşlıq əlaqələrindəki diapazonu diqqətdə saxlamaq Tehran üçün məqsədəuyğun olar”. 

Aqşin Kərimov ABŞ və İsrail nəşrlərinin, Azərbaycanın “İbrahim sazişlərinə” inteqrasiyası təşəbbüslərini müzakirə etdiyini bildirib. Onun sözlərinə görə, Azərbaycan həmin müqavilənin tərəfi deyil və inteqrasiya prosesi texniki olaraq çətinliklər yaratsa da, geosiyasi aspektdən mümkündür.   

Ekspert əlavə edib ki, bu təşəbbüs ABŞ və İsrailin Yaxın Şərq, Cənubi Qafqaz və Mərkəzi Asiya kontekstindəki qiymətləndirmələrinə əsaslanır. Məqsəd ABŞ və İsrailin dəstəyi ilə dəstəklənən çoxtərəfli regional əməkdaşlıq üçün yeni rəsmi platformanın yaradılmasıdır.  “Azərbaycanın bu razılaşmada iştirakı ona Mərkəzi Asiya, Yaxın Şərqə genişlənmək imkanlarını tanıyır. Bu, həm Qafqazı, həm Yaxın Şərqi, həm də Mərkəzi Asiyanı yüksək səviyyəli diplomatik foruma daxil edəcək. Ehtimalla bu kontekstdə Bakının “İbrahim Sazişləri” konfransına ev sahibliyi etməsi təklif olunur" politoloq yekunlaşdırıb.

Qeyd edək ki, İsrailin Prezidenti İsxak Hersoq Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edib. Azərbaycanın İsrail sularında təbii qazın kəşfiyyatı ilə bağlı müqavilələr imzalayacağı gözlənilir. 

Türkan İsgəndərli

tag: Aqşin Kərimov,Politoloq,ABŞ,İsrail,Azərbaycan,Todaypress.az,

photo