“Azərbaycanda təxribat törətmək üçün bəzi qrupları aktivləşdirmək istəyirlər” – EKSPERT AÇIQLADI
"Azərbaycana qarşı təhlükə dini radikalizm və milli separatizm istiqamətindən gəlir".
Hərbi ekspert Elxan Şıxəliyev bunu TodayPress-ə danışarkən deyib.
Ekspert real təhlükə mənbəyi kimi ölkə daxilindəki terror qruplaşmalarını qeyd edib.
Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin son əməliyyatlarını bu kontekstdə qiymətləndirən Şıxəliyev bildirib ki, dini radikalizmlə bağlı terror qrupları, o cümlədən “Meşə qardaşları”, vaxtilə İŞİD-in Şimali Qafqazdakı “Dağıstan qardaşları” təşkilatının uzantısı olub və artıq neytrallaşdırılıb.
“Xatırladım ki, keçmişdə separatçı “Sadval” hərəkatı ilə bağlı təşkilatlar kimi sərhəd bölgələrində yaradılan təşkilatlar var idi. Onların bir hissəsi ləğv edildi, bir hissəsi isə ölkəni tərk etmək məcburiyyətində qaldı. Azərbaycanın artan gücü və regional təsiri fonunda xarici qüvvələr ölkədə təxribat planlarını həyata keçirmək üçün bu cür qrupları aktivləşdirmək istəyir”.
Ekspert vurğulayıb ki, hüquq-mühafizə orqanları belə təhdidlərin fərqindədir və onların toxumlarını cücərməmiş məhv edir. O, hüquq-mühafizə orqanlarının bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirərək, onların vaxtında müdaxiləsinin ölkənin sabitliyinin qorunmasında mühüm rol oynadığını qeyd edib:
“Azərbaycanın təhlükəsizliyi xarici və daxili təhdidlərə qarşı təmin edilir. 44 günlük müharibədən sonra ölkənin sərhədləri Dövlət Sərhəd Xidməti və Azərbaycan Silahlı Qüvvələri tərəfindən qorunur və ciddi hərbi müdaxilə riski hazırda minimaldır”.
Qeyd edək ki, fevralın 3-də Dövlət Təhlükəsizlik Xidmətinin və Daxili İşlər Nazirliyinin keçirdiyi birgə əməliyyatla Qusar rayonunda "Meşə qardaşları" adlı terror qruplaşmasına bağlı 8 nəfər zərərsizləşdirilib, daha 6 nəfər isə həbs edilib. Hazırda cinayət işləri üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qiymət Mahir
tag: Elxan ,Şıxəliyev,Hərbi ekspert,Tədbir,DİN,DSX,Terror,Meşə qardaşları,Todaypress.az,
