Azərbaycan Vyetnam üçün niyə maraqlı tərəfdaşdır?
“Son illər Vyetnam ilə Azərbaycan arasında münasibətlərin dərinləşməsi müşahidə olunur”.
TodayPress xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, xüsusilə pandemiyadan sonrakı dövrdə iqtisadi sahədə dinamika daha da güclənib.
“Rəsmi statistikalara əsasən, 2021-ci ildə Azərbaycan ilə Vyetnam arasında ticarət dövriyyəsi 185,7 milyon dollar təşkil edib. 2022-ci ildə bu göstərici 594,6 milyon dollara çatıb, 2023-cü ildə isə 482,1 milyon dollar olub. 2025-ci ildə də artım tendensiyasının davam edəcəyi proqnozlaşdırılır. Bu artım təkcə idxal-ixrac göstəricilərində deyil, həm də iki ölkənin qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıq potensialında özünü göstərir”.
Deputat diqqətə çatdırıb ki, Azərbaycan ilə Vyetnam arasında turizm sahəsində əməkdaşlıq üçün geniş perspektivlər mövcuddur.
Hazırda iki ölkənin paytaxtları arasında birbaşa hava nəqliyyat xəttinin yaradılması ilə bağlı müzakirələr aparılır ki, bu da turizm axınının artmasına və iqtisadi əlaqələrin daha da dərinləşməsinə şərait yaradacaq. Bundan başqa, Vyetnamın xidmət və turizm sektoru Azərbaycan sahibkarları üçün sərmayə yatırımı baxımından cəlbedici istiqamətlərdəndir. Son illərdə bu ölkəyə investisiya qoymaq istəyən yerli iş adamlarının sayı da artıb.
“Azərbaycan da Vyetnam biznesi üçün maraqlı tərəfdaş hesab olunur. Xüsusilə emal sənayesi, qida istehsalı, kənd təsərrüfatı və xidmət sektoru üzrə əməkdaşlıq imkanları qarşı tərəf üçün cəlbedici görünür”.
Millət vəkilinin fikrincə, Vyetnam rəhbərinin Azərbaycana həyata keçirdiyi dövlət səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni bir səhifə açacaq.
Əməkdaşlığın strateji istiqamətlərdə genişlənməsi, xüsusilə iqtisadi, turizm və sərmayə sahələrində qarşılıqlı əlaqələrin dərinləşdirilməsi bu səfərin əsas nəticələrindən biri olacaq.
Qeyd edək ki, mayın 7-də Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam ilə görüşü olub.
Töhfə Səməd
tag: Vüqar Bayramov,Deputat,Azərbaycan,Vyetnam,Todaypress.az,
