Azərbaycan və Belarus münasibətləri: “Səfərlə əlaqələr daha da dərinləşəcək” - RƏY

Təhlil

06.05.2025 13:50

40

“Azərbaycan və Belarus arasındakı iqtisadi və ticari əlaqələr son illərdə nəzərəçarpacaq dərəcədə inkişaf edib”.

Politoloq Tural İsmayılov bunu TodayPress-ə danışarkən deyib.

O bildirib ki, 2024-cü ilin ilk yeddi ayında iki ölkə arasında ümumi ticarət dövriyyəsi 28,8 % artaraq 248,2 milyon ABŞ dollarını keçib:

“Bu dövrdə Azərbaycanın Belarusdan idxalı 222,8 milyon dollar, ixracı isə 25,4 milyon dollar təşkil edib. Ən çox idxal olunan məhsullar sırasında ağac və ağac məmulatları, dəmir yolu avadanlıqları, süd və ət məhsulları, mineral yanacaqlar, nəqliyyat vasitələri və elektrik avadanlıqları yer alır. Kənd təsərrüfatı sahəsində də əməkdaşlıq diqqətəlayiqdir. Son beş il ərzində kənd təsərrüfatı və ərzaq məhsullarının ticarətində 3,5 dəfə artım müşahidə olunub. Belarus Azərbaycana süd, ət və balıq məhsulları ixrac edir, əvəzində isə Azərbaycandan pomidor, qarpız, meyvə və qoz-fındıq kimi məhsullar idxal edir”.

Politoloq əlavə edib ki, sənaye sahəsində də əməkdaşlıq genişlənməkdədir:

“Belarus Azərbaycanda traktorlar, kommunal və yanğınsöndürmə texnikası, liftlər və digər avadanlıqların yığılması üzrə birgə müəssisələrin yaradılmasını planlaşdırır. Hər iki ölkənin liderləri qarşılıqlı ticarət dövriyyəsini 2030-cu ilə qədər 1 milyard ABŞ dollarına çatdırmağı hədəfləyirlər. Bu istiqamətdə görülən işlər və qarşılıqlı səfərlər də əlaqələrin daha da dərinləşəcəyinə işarə edir”. 

Qeyd edək ki, mayın 5-də Belarus Respublikasının Baş naziri Aleksandr Turçin Azərbaycana səfər edib. 

Qiymət Mahir

tag: Tural İsmayılov,Politoloq,Azərbaycan,Belarus,Todaypress.az,

photo