Azərbaycan Rusiyanın qaz transferi üçün dəhliz rolunu oynayacaq? - Politoloq açıqladı

Təhlil

28.08.2024 14:56

“Rusiya-Ukrayna müharibəsindən sonra Avropa İttifaqına (Aİ) üzv olan ölkələr Moskvanın təbii qazına sanksiya tətbiq etməyə başlayıb. Ukraynanın dövlət enerji şirkəti “Naftogaz”ın rəhbərliyi isə Rusiyanın “Qazprom” holdinqi ilə 2024-cü ilin sonunda başa çatacaq müqaviləni yeniləməyəcəyini açıqlayıb”. 

Bu sözləri TodayPress-ə danışan Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan deyib. O, bildirib ki, hazırda Aİ təbii qaza olan ehtiyacını ABŞ, Ərəb ölkələri, həmçinin Azərbaycandan ödəməyə çalışır. 2022-ci il iyulun 18-də Bakıda Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Lakin son zamanlar Fransa Bakıya təzyiq göstərməyə çalışır və avropalıları Azərbaycanın təbii qazından imtina etməyə çağırır. Lakin bütün bunlar əbəs yerədir. 

“Aİ tərəfindən Rusiyaya tətbiq edilən sanksiyaların Azərbaycana heç bir aidiyyatı yoxdur. Azərbaycan Rusiya qazını tranzit olaraq ötürə bilər. Lakin onun alıcısının Avropa olub-olmayacağı isə sual altındadır. Buna baxmayaraq, Rusiya qazı Orta Asiya, İran, Türkiyə kimi dövlətlərə Azərbaycan vasitəsilə ötürülə bilər. Tranzit ölkə rolunu oynayacağına görə isə heç bir ölkə Azərbaycanı ittiham edə bilməz. Çünki Azərbaycanın Rusiya ilə iqtisadi və digər sahələr üzrə geniştərkibli müqavilələləri var” deyə politoloq əlavə edib.

Onun sözlərinə görə, Azərbaycanın Rusiya qazını tranzit olaraq ixrac etməyəcəyinə dair Aİ-nin üzvləri ilə heç bir müqaviləsi və yaxud da anlaşması yoxdur. Buna görə də rəsmi Bakını heç kim bu məsələdə təhdid edə, və ya ona qadağa qoya bilməz. Rusiya ilə bu sahədə iqtisadi əlaqələri genişləndirib-genişləndirməyəcəyi isə Azərbaycanın daxili məsələsidir.

Töhfə Səməd

tag: Azərbaycan, Rusiya, Qaz İxracı, Aİ, Bakı, Tranzit, Asiya, İran, todaypress.az,

photo