Azərbaycan-Rusiya münasibətlərinə “korrektə”: “Vəziyyət gərginləşməyə davam edərsə...” - ŞƏRH

Təhlil

30.01.2025 14:26

“Vəziyyət gərginləşməyə davam edərsə, itirən tərəf Azərbaycan yox, Rusiya olacaq”. 

Politoloq Zaur İbrahimov bunu Rusiya-Azərbaycan münasibətlərindəki son gəlişmələri TodayPress-ə şərh edərkən deyib.  

O bir ay sonra “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə imzalanmasının 2 ilinin tamam olacağını xatırladıb.  Bu xüsusda bildirib ki, "Azərbaycan Hava Yolları”na (AZAL) məxsus sərnişin təyyarəsinin Rusiya hava məkanında vurulması və bunun ardından baş verən proseslər ölkələr arasındakı müttəfiqlik münasibətlərinə ziddir:   

“Artıq AZAL təyyarəsinin Rusiya hava məkanında hava hücumundan müdafiə sistemləri tərəfindən vurulmasına şübhə yoxdur. Mülki təyyarəyə qarşı radioelektron mübarizə vasitələri tətbiq olunub. Rusiya prezidenti Vladimir Putinin bu insidentlə əlaqədar üzr istəməsindən sonra Azərbaycanın haqlı olaraq beynəlxalq hüquqa söykənən tələblərinin yerinə yetiriləcəyi gözlənilirdi. Bu tələblər günahkarların, məsuliyyət daşıyan şəxslərin cəzalandırılması, eyni zamanda kompensasiyaların ödənilməsi ilə bağlı irəli sürülən tamamilə ədalətli tələblər idi. Lakin biz görürük ki, həmin təyyarənin "qara qutuları"ndakı məlumatların açıqlanması ərəfəsində Rusiya KİV-i insidentlə bağlı fərqli versiyalar ortaya atır, Azərbaycanı hədəf alan yazılar dərc edir. Bu yazılarda, "analitik materiallarda" heç bir həqiqət payı yoxdur. Xüsusən Azərbaycana qərəzi ilə seçilən, illər ərzində rəsmi Bakıya qarşı böhtan yağdıran şəxslər danışdırılır, ölkəmiz əleyhinə yenidən zəhər püskürürlər”. 

Analitikin sözlərinə görə, Rusiya mediası müvafiq siyasi icazə olmadan Azərbaycan əleyhinə bu cür silsilə neqativ materiallar dərc edə bilməz: 

“Hazırda Rusiya faktiki olaraq AZAL-ın təyyarəsi ilə bağlı insidentin tam məsuliyyətini öz üzərinə götürmək istəmir. Moskvada hesab edirlər ki, prezident Putinin üzr istəməsi kifayət qədər böyük jestdir, Azərbaycan bundan artıq gözləməməlidir. Əlbəttə, bu, tamamilə mövcud beynəlxalq alətlərə, praktikaya ziddir. Xətalar hər zaman ola bilər, lakin bu zaman dövlətlər müəyyən olunmuş formada və məzmunda üzr istəyir, dəymiş ziyanı və kompensasiyanı ödəyirlər. Rusiya isə bundan qaçmağa çalışır. Çox təəssüf ki, hazırda Rusiya ilə bağlı elə bir təəssürat yaranıb ki, sanki rəsmi Moskvanın qərarları beynəlxalq hüquqdan daha üstündür. Lakin bu heç də belə deyil. Əksinə, düzgün formada üzr istəyib, dəyən ziyanı qarşılamaq ölkə rəhbərliyinin aliliyindən xəbər verir. Buna görə də Rusiya məsələ ilə bağlı davranışını dəyişməlidir. Əks təqdirdə ikitərəfli münasibətlərə ciddi ziyan dəyəcək”. 

Z.İbrahimlinin qənaətincə, müttəfiqlik münasibətləri Moskva bəyənnaməsinin prinsiplərinə uyğun qala bilməyəcək. Çünki ikitərəfli münasibətlərin gələcəyi Moskvanın davranışlarından asılıdır. Azərbaycan hər zaman olduğu kimi, bu məsələ də beynəlxalq hüquq prinsipləri çərçivəsində təmkinlə davranır. Lakin rəsmi Bakının şərtləri yerinə yetirilmədikcə bu münasibətlərin insidentdən əvvəlki münasibətlər səviyyəsində olacağı gözlənilə bilməz: 

“Hesab edirəm ki, Rusiya ondan gözlənilən addımları atmasa, beynəlxalq arenadakı imici daha çox ziyan görəcək, Azərbaycan isə bu davranışlara adekvat cavab verəcək. Bu zaman isə sözsüz ki, itirən rəsmi Moskva olacaq. Bunu rusiyalı ekspertlər də artıq dilə gətirməyə başlayıblar”.

Qeyd edək ki, yanvarın 28-də Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə dəvət olunub.

Görüş zamanı, Rusiya mətbuatı və bəzi rəsmi dairələri tərəfindən dezinformasiya xarakterli və ölkəmizi hədəf alan yazıların dərc olunması, reportajların yayımlanmasının anlaşılmazlıq yaratdığı, bunun Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında müttəfiqlik, qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin məzmun və ruhuna zidd olduğu diqqətə çatdırılıb.

“Azərbaycan Hava Yollarına” məxsus təyyarənin faciəvi şəkildə qəzaya uğraması ilə bağlı ilkin təhqiqatın nəticələrinin məlum olduğu, istintaqın yekunlaşdırılması üçün iş aparıldığı, qəza ilə bağlı Rusiya tərəfindən gözləntilərimizin açıq şəkildə bəyan edildiyi xatırlanıb. Yerli mətbu orqanında “Rus evi” ilə bağlı məlumata gəldikdə, bunun rəsmi mövqe olmadığı, bu kimi təşkilatların ölkəmizin ərazisində fəaliyyətinin qarşılılıq prinsipinə əsaslandığı və qanunvericiliyin tələblərinə uyğun aparılmasının vacib olduğu bildirilib.

Töhfə Səməd

tag: Politoloq,Rusiya,Azərbaycan,AZAL,Təyyarə,Qəza,Tərəfdaşlıq,Zaur İbrahimli,Todaypress.az,

photo