Azərbaycan “orta güc” mərkəzlərindən birinə çevrilir – Millət vəkili
“Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artaraq 3,744 milyard dollara çatıb. Çin xarici ticarət dövriyyəmizdə 7,9 faiz payla Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşıdır”.
TodayPress xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov Prezident İlham Əliyevin Çinin Sinxua agentliyinə müsahibəsini şərh edərkən bildirib.
Onun sözlərinə görə, idxalımızın 17,7 faizi Çinin payına düşüb.
“Vacib məqamlardan biri Azərbaycanın regionun nəqliyyat habına çevrilməsidir. Azərbaycan ilə Çin arasında tranzit daşımaların həcmi 2024-cü ildə 378 min ton olub ki, bu da 2023-cü illə müqayisədə 86 faiz çoxdur. 2024-cü il ərzində Çindən Azərbaycana ixrac və tranzit rejimində Orta Dəhlizlə 287 marşrut qatarı yola salınıb”.
Deputat əlavə edib ki, nəqliyyat dəhlizlərinin genişləndirilməsi və elektron xidmətlərdən daha çox istifadə edilməsi ilə bağlı işlər sürətlənib. Həmçinin Qərb-Şərq nəqliyyat dəhlizi ilə yanaşı, Şimal-Cənub xəttinin də ötürmə imkanları artırılıb.
“Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürmə potensialı isə 1 milyon tondan 5 milyon tona çatdırılır. Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın geo-siyasi və geo-iqtisadi mövqeyinin daha da güclənməsindən xəbər verir”.
Vüqar Bayramov sonda qeyd edib ki, bu, Azərbaycanın qlobal miqyasda “orta güc” mərkəzlərindən birinə çevrilməsi deməkdir.
Türkan İsgəndərli
tag: Vüqar Bayramov,Deputat,Azərbaycan,Güc Mərkəzi,Todaypress.az,