Azərbaycan inkişaf etmiş 8 ölkə arasında: D-8 ölkəmizə nə vəd edir? - ŞƏRH
Təhlil
19.12.2024 17:28
“İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzvlük ölkəmizə bir sıra geosiyasi, iqtisadi və sosial dvidentlər gətirəcək”
Politoloq Əhəd Məmmədli bunu Azərbaycanın D-8 təşkilatına üzv seçilməsi ilə bağlı TodayPress-ə danışarkən bildirib.
O, əvvəlcə təşkilatın XI Sammitinin Misirdə keçirilməsinə diqqət çəkib:
“Çünki Müsəlman Qardaşlarının hakimiyyətindən getməsindən sonra Misir Prezidenti Əbdülfəttah əs-Sisi iqtidarı ilə Türkiyə arasında ciddi bir qarşıdurma yaranmışdı. Soyuqluq var idi. Hətta Misir Ağ dənizdə Türkiyəyə qarşı koalisyalarda yer alırdı. Amma fikrimcə, Suriya hadisələrindən sonra Əsədin etdiyi səhvləri görən əs-Sisi də başa düşüb ki, Ərdoğan reallıqlarını inkar etməklə bir nəticə hasil olmayacaq. Onları qəbul etmək lazımdır. Misir ən önəmli, böyük, güclü və ən güclü orduya malik ərəb ölkəsidir. Misir də vaxtilə, əsrlərdir Osmanlının bir ərazisi olub. Xüsusi muxtariyyətə malik olub. Tarixi bir yerdir”.
Analitik hesab edir ki, burada digər məqam Türkiyə-Misir münasibətlərinin yaxşılaşmasıdır. Bunun sayəsində Azərbaycan-Misir münasibətləri də yaxşılaşa bilər:
“Bilirsiniz ki, Ermənistan hər zaman Türkiyə ilə arası pis olan ölkələrlə yaxınlıq etməyə çalışır. Fikrimcə, Misir Azərbaycan-Ermənistan münasibətlərində Azərbaycana daha yaxındır. Misir prezidenti Ermənistan-Azərbaycan arasında eyni məsafədə dayanmağa çalışıb. Bundan sonra isə Türkiyə-Misir münasibətləri yaxınlaşdıqca Azərbaycan-Misir münasibətləri də yaxınlaşacaq. Misir Ermənistandan daha çox bizimlə yaxınlıq edəcək”.
Ə.Məmmədli vurğulayıb ki, ümumi geosiyasi, iqtisadi cəhətlərdən inkişaf etmiş səkkiz ölkə arasında olmaq Azərbaycan üçün xeyirdir. Bu inkişaf təkcə hərbi müstəvidə yox, iqtisadi müstəvidə də olmalıdır ki, Azərbaycan daha da inkişaf etmiş bir ölkəyə çevrilsin.
Qeyd edək ki, 19 dekabr Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti zamanı Azərbaycan Respublikası yekdilliklə D-8 təşkilatının üzvü seçilib. Xatırladaq ki, D-8 səkkiz müsəlman ölkəsini birləşdirir. Təşkilatın təməli Türkiyənin təşəbbüsü ilə 1996-cı il oktyabrın 22-də İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransında qoyulub. 1997-ci il iyunun 15-də İstanbulda 8 ölkənin dövlət və hökumət başçılarının sammitində təşkilat rəsmən elan olunub. Təşkilatın Katibliyi İstanbul şəhərində yerləşir.
Günəş Mərd
tag: Türkiyə, Təşkilat ,D-8 ,Azərbaycan ,Əhəd Məmmədli ,todaypress.az,