Azərbaycan ən təhlükəsiz ölkələr arasında: “Ölkəmizdə terror təhlükəsi yoxdur və olmayacaq!” - RƏY
“Bu günə qədər dəfələrlə ölkə daxilində xüsusi əməliyyatlar keçirilib və xarici ölkələrdən dəstək alan, maliyyələşən şəxslər həbs olunublar. Onlara qarşı görülən tədbirlər hüquq mühafizə orqanlarının əməyi ilə birbaşa əlaqəlidir”.
Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov bunu TodayPress-ə danışarkən deyib.
Polkovnikin fikrincə, ölkədə stabilliyin yüksək olması əminamanlığın hökm sürdüyünü göstərir. Bu əmin-amanlıq isə bir gündə yaranmayıb:
“Azərbaycan illərdir öz təhlükəsizliyini təmin etmək üçün bir çox addımlar artır ki, bunun nəticəsi indi də özünü büruzə verir. Əlbəttə, radikal dini quruplaşmalar bu gün də var. Güman edirəm ki, bu quruplaşmaların üzvləri ciddi nəzarətdədirlər. Kiçik də olsa, hər hansı bir təhlükə yaranan kimi hüquq-mühafizə orqanlarımız tərəfindən qarşısı yüksək səviyyədə alınır. Biz bunu 2023-2024-cü illərdə də gördük”.
Ekspert bəyan edib ki, ölkə daxilindəki sabitliyin faizi daha çox artıqca vətəndaşlar stabil ölkədə yaşamağın əhəmiyyətini daha yaxşı anlayacaqlar:
“Hazırda qlobal məkanda müharibələrin, terror aktlarının sayının kəskin artmasına baxmayaraq, Azərbaycanda belə bir təhlükə yoxdur və gələcəkdə də olmayacaq”.
Qeyd edək ki, “Global Terrorism Index 2025” (GTI) hesabatı ilə dövlətlərin terror təhlükəsinə görə növbəti reytinq sıralanması təqdim edilib. Azərbaycan terror təhlükəsi üzrə qeyd olunan sıralamada “0.233” indekslə 2024-cü illə müqayisədə (89) bir reytinq də yüksələrək 2025-ci ildə 90-cı yerdə qərarlaşmaqla, 1-dən 100-dək artan mümkün reytinq həddində dünyada terrorla bağlı ən təhlükəsiz ölkələrdən biri kimi yüksək reytinqə sahiblənib. Ərazisində terrorçuluq fəaliyyəti və terror təhlükəsi ən yüksək olan ölkələr arasında ilk sıralarda - Burkina Faso (8.581), Pakistan (8.374) və Suriya (8.00) qərarlaşıb.
Töhfə Səməd
tag: Hərbi ekspert,Polkovnik,Rövşən Məhərrəmov,Şərh,Todaypress.az,
