“Azərbaycan Avropaya qaz tədarükünü 2 dəfəyədək artıracaq” – İqtisadçı AÇIQLADI
“Azərbaycandan Avropa ölkələrinə qaz tədarükü iki dəfə artacaq”.
İqtisadçı Natiq Cəfərli bunu TodayPress-ə danışarkən bildirib.
O diqqətə çatdırıb ki, Azərbaycan Cənubi və Şərqi Avropa ölkələrinə Gürcüstan və Türkiyədən sonra ən çox qaz tədarük edən ölkələrdən biridir:
“Hazırda 12 ölkəyə təbii qaz ixrac olunur və onlardan 10-u Avropa ölkəsidir. Rəsmi Bakı həmin dövlətlərin enerji təhlükəsizliyində mühüm rol oynayır. Çünki həmin ölkələrin Rusiya qazından asılılığı daha çox idi. Azərbaycanın qaz tədarükü isə asıllığının azaldılmasında, enerji təhlükəsizliyinin təmin olunmasında əsas aktor oldu. Bundan sonrakı dövrdə də bu temp artacaq".
İqtisadçının proqnozlarına əsasən, 2027-ci ildə Azərbaycan qazının ixrac səviyyəsinin iki dəfə artması gözlənir. Bu da Avropa üçün olduqca əhəmiyyətlidir.
Ekspert Azərbaycan neftinin qlobal məkandakı vacibliyindən də danışıb. Onun sözlərinə görə, hazırda neftimiz daha çox İtaliya və İsrailə ixrac olunur.
Xüsusi vurğulamaq lazımdır ki, İtaliya rəsmi Bakının bir nömrəli ticarət tərəfdarıdır. Buna əsasən artıq İtaliyada zavodlar Azərbaycan nəftinin emalı üzrə mütəxəssisləşib, ixtisaslaşıblar ki, bu da enerji təhlükəsizliyində mühüm rol oynayan amildir.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında ölkəmizin Pan-Avropa enerji təchizatçısı kimi tanınmasını diqqətə çatdırıb:
“Mən bir daha qeyd etmək istəyirəm ki, ölkədə nəinki enerji təchizatı çatışmazlığı yoxdur, əksinə, bu gün ölkəmiz onlarla ölkələrə enerji ixrac edir, 12 ölkəyə təbii qaz ixrac olunur. Onlardan 10-u Avropa ölkəsidir və təsadüfi deyil ki, ölkəmiz Pan-Avropa enerji təchizatçısı kimi tanınır”.
Töhfə Səməd
tag: Natiq Cəfərli,iqtisadçı,Azərbaycan,Avropa,Qaz,Yanacaq,Hasilat,Todaypress.az,
