AZAL təyyarəsinin vurulması ilə bağlı İLKİN HESABAT: Kreml susur, faktlar danışır – ŞƏRH
Təhlil
05.02.2025 16:53
“Azərbaycan AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsinin qəzaya uğramasından sonra, təyyarəyə kənar müdaxilənin olduğunu, daha dəqiq desək, “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğunu açıqlamışdı”.
Politoloq Oqtay Qasımov bunu qəzaya uğrayan AZAL təyyarəsinin Rusiyanın "Pantsir-S" raketi ilə vurulması ilə bağlı "Reuters" agentliyinin yaydığı məlumatı TodayPress-ə şərh edərkən deyib.
“Reuters" qeyd edib ki, dekabrda qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub. Məlumata əsasən, Rusiyadan Qazaxıstana yönləndirildikdən sonra qəzaya uğrayan Azərbaycan sərnişin təyyarəsi Rusiyanın "Pantsir-S" hava hücumundan müdafiə sistemi ilə vurulub. Təbii ki, Azərbaycan bunu əvvəlcədən bildiyi üçün sübut olunmuş faktın gizlədilməsinə imkan yoxdur”.
Analitik vurğulayıb ki, Azərbaycanın əlində kifayət qədər ciddi dəlillər olduğundan Rusiya tərəfinə qətiyyətlə bu məsələdə üzr istəməli olduğunu bildirib:
“Burada kompensasiya məsələləri də həllini tapmalı idi. Lakin Rusiya tərəfinin bu ana qədər davranışlarına baxdığımızda, iz itirməyə çalışıldığını, diqqətin başqa istiqamətə çəkildiyini görürük. Lakin açıqlanan hesabat nəticəsində Rusiya tərəfi gerçəkləri inkar edə bilməyəcək.Təbii ki, Qazaxıstan qara qutu ilə bağlı yekun məlumatları açıqladıqdan sonra Rusiya tərəfi inadkarlıq nümayiş etdirə bilməyəcək”.
O. Qasımov sonda bildirib ki, Azərbaycan və Rusiya arasında münasibətlərin səviyyəsi və eyni zamanda 3 il öncə imzalanmış müttəfiqlik fəalliyətinə dair anlaşma tərəflərdən bir-birlərinə qarşı konstruktiv və səmimi olmağı tələb edir. Odur ki, rəsmi Moskva artıq təsdiqini tapmış məsələləri etiraf etməlidir və üzrxahlıqla birgə kompensasiya məsələsi də öz həllini tapmalıdır. Bu, hər iki ölkənin maraqlarına uyğun gələcək.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi 2024-cü ilin 25 dekabr tarixində Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u isə sağ qalıb. İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.
Nicat Osman
tag: Rusiya,Qəza,AZAL,Politoloq,Oqtay Qasımov,