Avropanı RUSİYA XOFU bürüdü: Kiyevə kim yardım edəcək?

Təhlil

03.09.2024 15:23

“Avropada Rusiyadan ehtiyat edən kifayət qədər ölkə var. Həm də NATO-nun üzvü olan bu ölkələr Rusiya ilə baş verə biləcək hər hansı müharibə ehtimalından uzaq qalmağa çalışırlar”. 

Politoloq Zeynal Əmrəliyev bunu TodayPress-ə açıqlamasında bildirib. 

Onun sözlərinə görə, ABŞ başda olmaqla, bəzi ölkələr Rusiya ilə birbaşa münaqişədən çəkindiyi üçün Rusiya-Ukrayna müharibəsinin dayanmasını istəmirlər: 

“Onlar bütün mümkün vasitələrlə bu müharibənin uzunmasını və bu şəkildə Rusiyanın resurslarının zəifləməsini istəyirlər. Maraqlıdır ki, həmin bu ölkələr Ukraynanı dəstəklədiklərini bildirsələr də, ölkənin böyük ölçüdə qələbəsini təmin edəcək uzaqmənzilli raketləri ona vermirlər. Halbuki bu silahlar Ukraynanın əlində olarsa, cəbhədə böyük üstünlük qazanıb Rusiyanı öz ərazisindən çıxara bilər”. 

Analitik Ukraynanın Kurska hücumundan söz açarkən qeyd edib ki, Zelenski hökumətinin bu addımı Ukraynada ciddi şəkildə tənqid olunur: 

“Bildirirlər ki, Kursk əməliyyatı ölkəyə lazım deyildi. Ukrayna əlində olan bütün mümkün vasitələrlə öz ərazisini qorumağa çalışmalı idi. Bütün diqqətin Kursk bölgəsinə yönəldilməsi Ukraynanın öz gücü hesabına mühafizə etdiyi torpaqlarda mühafizənin zəifləməsinə və həmin torpaqların Rusiyanın əlinə keçməsinə səbəb olub”. 

Ekspert hesab edir ki, bütün hallarda Qərb indiki məqamda güclü silahlarını Ukraynaya verərsə, onu müəyyən ölçüdə dəstəkləmiş olacaq.

Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski Qərb ölkələrinə təkrar müraciət edərək Rusiyanı uzaqmənzilli raketlərlə vurmasına icazə istəyib.  

Günəş Mərd

tag: Zelenski, Ukrayna, Rusiya ,Kursk, Qərb , Zeynal Əmrəliyev , ABŞ, todaypress.az,

photo