“Avropa Türkiyəsiz qlobal oyunçu ola bilməz” – Ramiz Yunus AÇIQLADI

Təhlil

04.03.2025 12:04

1518

“Avropa İttifaqında (Aİ) Türkiyəyə layiqli yer ayrılmadan Avropa tam hüquqlu qlobal oyunçu kimi mövcud ola bilməz”.

TodayPress xəbər verir ki, politoloq Ramiz Yunus bunu öz “Facebook” hesabında yazıb.

Onun sözlərinə görə, bu, Aİ-də bir çoxlarına yalnız Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı təcavüzündən sonra aydın olub:  

“Avropanın təhlükəsizliyi milyonluq ordusu və regionda ən güclü müdafiə sənayelərindən birinə sahib olan Türkiyə olmadan təsəvvür edilə bilməz. Hazırda isə Avropada ən güclü və döyüş qabiliyyətli ordunun yalnız Türkiyəyə məxsus olmasına və ABŞ-dən sonra NATO-nun say baxımından ikinci ən böyük ordusuna malik olmasına baxmayaraq, siyasi kontekstə görə Türkiyəni uzun illərdir Avropa İttifaqına qəbul etmirlər”.  

R.Yunus hesab edir ki, Türkiyəyə Ukraynanın 800 minlik ordusu, onun hərbi və iqtisadi potensialı da əlavə olunsa, Böyük Britaniya və Fransanın “nüvə çətiri” ilə birlikdə Avropa qitəsi Ukraynaya real təhlükəsizlik zəmanəti verə və Rusiyadan gələn istənilən təhdidə müstəqil şəkildə müqavimət göstərə biləcək gücə malik olar.

“Artıq söz-söhbətləri bir kənara qoyub qətiyyətli addımlar atmağın vaxtıdır. Dünya tarixinin ən güclü şəxsiyyətlərindən biri olan Qay Yuli Sezarın dediyi kimi: “Böyük işləri sonsuz düşünmək yox, həyata keçirmək lazımdır” deyə o yekunlaşdırıb.

Qiymət Mahir

tag: Avropa İttifaqı,Türkiyə,Ramiz Yunus,Təhlükəsizlik,Ukrayna,todaypress.az,