Avropa təşvişdə: Fransa Kiyevə niyə yaxınlaşır? – ŞƏRH

Təhlil

27.03.2025 16:45

1264

“ABŞ-nin son dövrdə Ukraynaya yardımla bağlı çıxışları Avropada dərin narahatlıq yaradıb və bu səbəbdən Fransa Kiyevə yardım etmək üçün daha fəal olmağa başlayıb”.

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Kazım Kazımov bunu TodayPress-ə açıqlamasında bildirib.

Ekspertin sözlərinə görə, ABŞ-nin Avropadan uzaqlaşaraq izolyasiya siyasətinə qayıtmaq ehtimalı Avropa ölkələrini ciddi təşvişə salıb:

“ABŞ artıq İkinci Dünya müharibəsindən əvvəlki kimi yenidən izolyasiya siyasətinə qayıda bilər. Belə olduqda Avropa yenidən Rusiya ilə təkbaşına üz-üzə qala bilər. Avropa üçün bu vəziyyətdə Şərqi Avropa, xüsusilə Ukrayna mühüm bufer zona funksiyasını yerinə yetirəcək. Avropanın məqsədi Rusiyanı məhz bu bufer zonada saxlamaq və onun Avropanın içərilərinə irəliləməsinə imkan verməməkdir. Çünki Avropa tarixdə belə bir vəziyyəti yaşayıb. 1940-cı illərdən 1990-cı illərə qədər hətta Berlin də daxil olmaqla Avropa ərazisinin təxminən yarısı Sovet İttifaqının təsiri altında idi. Avropa bir daha eyni vəziyyətə düşmək istəmir”.

Analitikin fikrincə, müasir Rusiya artıq keçmiş Sovet İttifaqından fərqli və daha təhlükəli rəqib hesab edilir:

“Rusiya indi daha çevik və daha fərqli vasitələrə sahibdir. Bu şəraitdə Fransa yenidən Avropanın liderliyini ələ almağa çalışır. Əslində Fransada “ABŞ-siz Avropa” ideyası ilk dəfə Şarl de Qollun dövründə, 1960-cı illərdə səsləndirilmişdi. Emmanuel Makron 2019-cu ildə oxşar bəyanatlar versə də, o dövrdə siyasi çəkisi və nüfuzu bu planı həyata keçirməyə kifayət etmirdi. Amma hazırda 2025-ci ildə ABŞ-nin yenidən izolyasiya siyasətinə qayıtma təhlükəsi Avropanı təşvişə salıb”.

Politoloq hesab edir ki, son dövrdə Almaniyanın hərbi büdcəni artırması, Fransa və Böyük Britaniyanın Ukraynaya yardımı genişləndirməsi və Londonda keçirilən görüşlər Avropanın yeni bir ittifaq qurmağa çalışmasının göstəriciləridir:

“Bu tədbirlər Avropanın Rusiyanın üstünlüyü ilə bitəcək istənilən atəşkəsdən çəkindiyini sübut edir. Hazırda Avropa üçün əsas prioritet Rusiyanın Ukraynada qalib gəlməməsidir. Bunun üçün də hər cür siyasi və hərbi addımlar atılır”.   

Qeyd edək ki, martın 26-da Fransa Prezidenti Emmanuel Makron Yelisey sarayında Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə baş tutan mətbuat konfransında Fransanın Ukraynaya 2 milyard avro məbləğində yeni hərbi yardım paketi ayırdığını bildirib. Həmçinin Fransanın müdafiə müəssisələri ilə əməkdaşlıq çərçivəsində Ukraynada texnika istehsalı maliyyələşdiriləcək.

Qiymət Mahir

tag: Kazım Kazımov,Fransa,Zelenski,Makron,Todaypress.az,

photo