Avropa Rusiya və ABŞ-nin təzyiqləri arasında: Aİ şantajlara boyun əyəcək? - Ukraynalı politoloqun ŞƏRHİ

Təhlil

06.03.2025 18:25

857

“Macarıstanın Ukrayna üçün ayrılmış yardımları bloklamağa çalışması faktı ilk deyil. Ukrayna Avropa İttifaqı (Aİ) tərəfindən göndərilən yardımları alacaq”. 

Ukraynalı politoloq Valeri Dımov bunu Aİ-nin Macarıstanın etirazlarına görə Kiyevə ayrılan 20 milyard avroluq hərbi yardım paketinin hazırlanmasını dayandırması ilə bağlı TodayPress-ə danışarkən deyib. 

Onun sözlərinə görə, Macarıstan bu yolla öz maraqlarını təmin etməyə, əlavə kreditlər, subsidiyalar və digər güzəştlər əldə etməyə çalışır. 

"Macarıstan tez-tez bu tip yollara əl atır. Lakin hər səfərində Aİ bunun qarşısını almağın bir yolunu tapır. Həm də Ukrayna belə bir qərarın Avropa tərəfindən verilməsinə hazır idi. Düşünürəm ki, həmin vəsait digər imkanlar hesabına tam kompensasiya ediləcək. Yeni yaradılan siyasi təşəbbüslər, həmçinin Macarıstanın Baş naziri Viktor Orban və Slovakiyanın Baş naziri Robert Fitso kimi spekulyantlardan asılı olmayan ölkələr Ukraynanı dəstəkləmək üçün qərarlar qəbul edəcəklər".   

Analitik diqqətə çatdırıb ki, hazırda Almaniyada 500 milyard avroluq infrastruktur fondu yaradılması planlaşdırılır ki, bu vəsaitin bir hissəsi Ukraynaya yönəldiləcək.

Bundan əvvəl fiskal məhdudiyyətlərə görə Ukraynaya ayrılmayan 3 milyard avro isə artıq verilməyə başlanıb. Həmçinin Aİ-nin qərarları və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin son hesabatları göstərir ki, Ukraynaya ayrılan vəsait Orbanın 20 milyard avroluq şantaj cəhdindən qat-qat çoxdur. Bundan başqa, Avropanın əsas liderləri – Fransa, Almaniya və Böyük Britaniya fərqli yanaşma sərgiləyirlər. Belə ki, Böyük Britaniya Aİ-dən çıxmaqla Orban və Fitso kimi liderlərdən asılı olmamaq məqsədini güdüb. Britaniyanın Baş naziri Kir Starmer də hazırda Avropanın dəyişən mövqeyini əks etdirir.

"Donald Trampın "Avropa danışıqlar masasında əsas söz sahibi olmağa layiq deyil" fikri bir həqiqəti ortaya qoyur:

Avropa uzun müddət Rusiyayla ticarət edərək, ABŞ-nin onu daim qoruyacağını güman edirdi. Avropa sosial proqramlarını inkişaf etdirərkən, ABŞ vətəndaşlarının vergilərinə arxalanırdı. Lakin hazırkı reallıq göstərir ki, Avropa kəskin qərarlar qəbul etməli və asılılıqdan qurtulmalıdır. Əks halda, Avropa bir tərəfdən Rusiyanın, digər tərəfdən isə ABŞ-nin təzyiqləri arasında qalacaq. Bu səbəbdən də Ukraynaya yardım məsələsi artıq Orbanın mövcud olub-olmamasından asılı deyil".   

O, Ukraynanın Aİ ilə olan münasibətlərindən söz açaraq bildirib ki, ittifaqla əlaqələr ayrı bir müstəvidə həll edilməlidir. Çünki nə qədər inkar edilsə də, hələ də Macarıstan prossesə maneələr törədir, qarşılıqlı əlaqələri zəiflətməyə çalışır.

Lakin Orban tərəfinin bu addımları Ukrayna və Aİ arasında münasibətlərin sonlanması ilə nəticələnməyəcək. Onların bu xəyalları reallaşmayacaq. Ukraynaya yardımların ayrılmasına dair qərarlar isə çoxluq prinsipi ilə qəbul ediləcək. Bu da onu göstərir ki, Aİ bundan sonra şantajlara boyun əyməyəcək.

Valeri Dımov sonda deyib ki, Macarıstan, xüsusilə də Orbanın Aİ üçün ciddi problemə çevrilməsi əslində ittifaqın hazırda daxildə həll etməyə çalışdığı bir məsələdir.

Orban məsələsini həll edə bilməyən Aİ indi də Robert Fitso problemi ilə qarşı-qarşıyadır. İttifaq gələcəkdə bu cür siyasi spekulyantlarla daha çox üzləşə bilər. Çünki siyasi və iqtisadi dividendlər əldə etmək məqsədilə şantaj siyasəti uğur qazandıqca, bu praktikanın miqyası daha da genişlənəcək.   

Qeyd edək ki, Avropa Şurasının prezidenti Antonio Kostan martın 3-də Macarıstanın Baş naziri Viktor Orbana məktub göndərib. Bundan sonra Avropa İttifaqı Macarıstanın etirazlarına görə Kiyevə ayrılan 20 milyard avroluq hərbi yardım paketinin hazırlanmasını dayandırıb.   

Töhfə Səməd

tag: Valeri Dımov,Ekspert,Ukrayna,Macarıstan,Avropa İttifaqı,Todaypress.az,

photo