Avropa ölkələrindən yeni hərbi kampaniya: “Qoca qitə”nin təmsilçiləri silahlanmanı niyə sürətləndirirlər? – ANALİZ
“Avropa ölkələrinin öz hərbi gücünü ABŞ-nin hərbi imkanlarından ayırma cəhdləri bir məcburiyyətdir. Çünki Amerika prezidenti Donald Tramp hələ seçki ərəfəsində bəyan etmişdi ki, Avropa ölkələri öz hərbi xərclərini artırmalı və təhlükəsizlik problemlərini özləri həll etməlidirlər”.
Politoloq Elçin Xalidbəyli bunu Polşa Xarici İşlər Nazirliyinin rəhbəri Radoslav Sikorskinin “Avropa ölkələri ABŞ prezidenti Donald Trampın hakimiyyətə gəlişindən bəri müdafiə xərclərini artırmağa çalışır” bəyanatını TodayPress-ə şərh edərkən bildirib.
Onun sözlərinə görə, Avropa ölkələri yeni hərbi kampaniyaya başlayıblar:
“ABŞ Avropanın təhlükəsizliyi üçün bundan sonra maliyyə vəsaiti xərcləmək niyyətində deyil. Ona görə də Avropa ölkələri həmin dövrdən başlayaraq Avropa İttifaqı (Aİ) məkanında yeni hərbi kampaniyaya başlayıblar. Eləcə də bu kampaniyada öz ümumi daxili məhsulunun bir qismini hərbi xərclərə yönəltmək barədə düşüncələr ön plana keçib.
Üstəlik, digər tərəfdən də Avropada Rusiya xofu yaşanır. Hesab olunur ki, Ukrayna savaşı sona çatdıqdan sonra Avropa dövlətlərinə, Rusiyanın hərbi təcavüz təhlükəsi ən yüksək səviyyəyə çatacaq. Belə bir vəziyyətdə ABŞ Avropa cəmiyyətini müdafiə etməkdən imtina etsə, Avropa dövlətləri Rusiyanın hərbi potensialı qarşısında ciddi təhlükə ilə üzləşəcək”.
Analitik vurğulayıb ki, 5-10 il arasında “qoca qitə”nin təmsilçiləri hərbi təhlükəsizlik məsələsinə daha çox diqqət ayıraraq hərbi xərcləri artırmaq və silahlanmanı sürətləndirmək barədə düşünürlər.
“ABŞ NATO-nun əsas sponsoru statusundan da imtina etmək barədə düşünür. Tramp ABŞ-nin NATO-ya ayırdığı maliyyə vəsaitini məhdudlaşdıracağı barədə artıq bəyanat verib və bu istiqamətdə radikal addımların atılma ehtimalı artıb. Ona görə də indi Avropa dövlətləri öz təhlükəsizlikləri barədə düşünmək və hərbi xərclərə maliyyə vəsaitinin ayrılması barədə addımlar atmaq məcburiyyətindədirlər.
Təbii ki, bu, Aİ-də bir çox ölkələri məmnun etmir. Çünki hərbi xərclərin artırılması maliyyə, sosial, iqtisadi problemlər yarada bilər. Bu da orta perspektivdə Aİ məkanı üçün maliyyə, iqtisadi və sosial böhran təhlükəsi yaradır. Belə bir sosial-iqtisadi böhran isə öz növbəsində siyasi böhrana pəncərə açmış olacaq. Bütün bunlar da baş verərsə, Avropa məkanında yaxın gələcəkdə bir xaotik situasiyanın yaranma ehtimalı ön plana keçə bilər” deyə politoloq fikrini yekunlaşdırıb.
Aysel Mətləb
tag: Avropa ,Elçin Xalidbəyli ,ABŞ,Donald Tramp,Aİ,Rusiya,todaypress.az,
