ATƏŞKƏSİN bir addımlığında: Prezident Rusiya-Ukrayna müharibəsinin gələcəyini necə görür?
“Azərbaycan Ukrayna üçün narahatdır”.
Politoloq Turan Rzayev bunu TodayPress-ə danışarkən deyib.
Onun sözlərinə görə, Ukrayna müharibəsinin necə nəticələnəcəyi hazırda hər kəsi düşündürür.
ABŞ-Rusiya danışıqları, Vaşinqtonun mövqeyi, Ağ Ev lideri Donald Trampın açıqlamaları atəşkəs ehtimalını gündəmə gətirir. Rusiya ilə Ukrayna arasında bu və ya başqa formada atəşkəs əldə olunsa da, daimi olacağı bəlli deyil. Açıq suallar, müəmmalı situasiyalar var.
Təsadüfi deyil ki, Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı məhz bu məsələyə toxunub. Azərbaycanın Rusiya-Ukrayna müharibəsinə yanaşması açıq və dəyişməzdir.
Ölkə başçısının da ifadə etdiyi kimi, Azərbaycan hər zaman Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyib. Hətta bir çox ölkədən fərqli olaraq rəsmi Bakı Kiyevə humanitar yardım belə edib.
Analitikin fikrincə, Prezidentin çıxışından bu qənaətə gəlmək olar ki, o, Ukrayna üçün, geniş mənada isə dünya üçün narahatdır. Təbii ki, Rusiya-Ukrayna müharibəsinin atəşkəs adı altında uzanacağından, perspektivdə yenidən daha şiddətli formada başlaması ehtimalından və bunun regiona mümkün təsirindən xəbərdardır. Bunu çıxışı ilə də təsdiqləyib.
“Ukraynada atəşkəs əldə edilsə də, böyük ehtimalla Ermənistan-Azərbaycan atəşkəsində olduğu kimi, tez-tez pozulma halları olacaq. Başlıca səbəbi isə Rusiya və Ukrayna ordularındakı nizam-intizamsızlıqdır. Aydın məsələdir ki, Rusiya-Ukrayna arasında atəşkəs əldə edilsə də, bu, indiki məqamda müharibənin dayanmasında maraqlı olan qüvvələrə (Avropa İttifaqı və ABŞ) uyğun olacaq. Yəni ABŞ bugünkü reallıqlara uyğun maraqlarını təmin etdikdən sonra yenidən üzünü Ukraynaya çevirəcək. Bu zaman isə daha dəhşətli müharibənin şahidi ola bilərik”.
T.Rzayev bildirib ki, Prezident İlham Əliyev Rusiya-Ukrayna müharibəsinin gələcəyini görür və haqlı olaraq bunu Qarabağ münaqişəsi ilə əsaslandırır. Necə ki, Qarabağ müharibəsi 30 ildən artıq atəşkəslə donduruldu və sonda savaşla yekunlaşdı, Ukrayna müharibəsi də belə olacaq.
Bunu Prezidentin sözləri də təsdiq edir:
“Əfsuslar olsun ki, müharibələr yekun kapitulyasiya aktı olanda bitir. Bizim Xorvatiyadan olan dostumuzun qeyd etdiyi kimi, onlar öz ərazisini azad etdi, sərhədə çıxdı və dayandı. Biz də eyni addımı atdıq. Öz sərhədimizə çıxıb dayandıq. Real dünyada müharibə bu cür bitir”.
Töhfə Səməd
tag: Turan Rzayev,Politoloq,Rusiya,Ukrayna,Todaypress.az,
