Artan beynəlxalq nüfuz: “Qvineya-Bisau Azərbaycan təcrübəsindən faydalana bilər” – ŞƏRH
“Son zamanlar Afrika ölkələrinin dövlət və hökumət başçılarının Azərbaycana səfərləri diqqət çəkir”.
Politoloq Turan Rzayev bunu TodayPress-ə danışarkən deyib.
O, bəyan edib ki, Azərbaycan bir çox Avropa ölkəsindən fərqli olaraq Afrika regionuna geri qalmış ya da əhəmiyyətsiz baxış sərgiləmir:
“Əksinə, bütövlükdə qitənin, ayrılıqda isə spesifik Afrika ölkələrinin rolunu, yarada biləcəkləri iqtisadi və siyasi dividentləri dərk edir. Bundan başqa Prezident İlham Əliyevin Afrika liderlərinə sərgilədiyi mövqe və ehtiram da digər Avropa və ya inkişaf etmiş ölkə rəhbərlərindən fərqlənmir. Bu da öz növbəsində ölkəmiz üçün yeni dostluqlar və əməkdaşlıqlar qapısını açır”.
Analitikin qənaətincə, burada növbəti vacib məqam Azərbaycanın siyasi və iqtisadi baxımdan sabit ölkə olmasıdır. Bu, Qərb üçün birmənalı olmasa da, Afrika ölkələrinə görə ciddi örnəkdir:
“Qvineya-Bisau prezidenti Umaru Sisoku Embalo mətbuata açıqlamasında Azərbaycanın polis və hərbi məktəblərində təlim keçmək üçün ölkəsindən ilk heyətin gələcəyini bildirib. Bundan başqa o, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə sənayesi naziri Vüqar Mustafayevlə birlikdə ordumuzun komando hərbi hissələrindən birini ziyarət edib. Digər maraqlı detal isə rəsmi səfər çərçivəsində Umaru Sisoku Embalonun “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olmasıdır. Təkcə bu üç detal belə onu deməyə əsas verir ki, Qvineya-Bisau Azərbaycan təcrübəsindən, uğurlu modellərindən faydalana bilər”.
T.Rzayev Qvineya-Bisaunun prezidentinin Bakıda səfərdə olarkən mətbuata çıxışına diqqət çəkib:
“O, Sovet İttifaqı vaxtlarında ölkəsinin bir çox texniki heyət üzvlərinin Azərbaycanda təhsil aldığını bildirib. Həqiqətən də, Azərbaycan SSRİ dövründə həm cənub-şərqi Asiya, həm Amerika, həm də Afrika regionlarından olan tələbələrin təhsil üçün axın etdiyi başlıca məkan idi. Bunun bərpasına ehtiyac var. Hətta Qarabağ universitetini seçəcək afrikalı tələbələrə daha geniş imkanlar yaradıla bilər. Bundan başqa, Qvineya-Bisaunu Azərbaycana yaxınlaşdıran ən önəmli məsələ son illərdə artan beynəlxalq nüfuzumuzdur. Faktiki olaraq beynəlxalq təzyiqlər və maneələrə baxmayaraq, müharibə yolu ilə də olsa, Qarabağ münaqişəsini həll etdik. Bundan başqa ölkəmizin Qoşulmama Hərəkatına uğurlu sədrlik və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi də mühüm əhəmiyyət kəsb edir”.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev fevralın 27-də Qvineya-Bisau prezidenti Umaru Sisoku Embalonu qəbul edib. Liderlər arasında təkbətək görüş baş tutub. Xatırladaq ki, bundan əvvəl isə Somali Federativ Respublikasının prezidenti Hasan Şeyx Mahmud Azərbaycana rəsmi səfərə gəlmişdi.
Töhfə Səməd
tag: Azərbaycan,Afrika,Təhlil,Turan Rzayev,todaypress.az,
