Araz Elsəs: “Ayrılığın mənası Bakı və Tehran üçün tam başqadır”
“Azərbaycanın müstəqillik qazandığı gündən bu yana Tehran-Bakı münasibətləri heç vaxt tam olaraq isti olmayıb. Aradakı soyuq yellər isə hər zaman İran tərəfindən əsib”.
Güneyli ozan Araz Elsəs bunu TodayPress-ə müsahibəsində deyib.
Onun sözlərinə görə, Tehran illərlə Ermənistanın yanında dayanıb və Qarabağ savaşında da Bakının qarşısında yer alıb. Silah yardımları, diplomatik dəstək və görünən-görünməyən siyasi mesajlarla İran, Azərbaycanın deyil, işğalçının arxasında durub:
“İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri fonunda "həqiqətən nəsə dəyişəcəkmi?" sualı dilimizdə olmasa da, könlümüzdə dolaşır. Əslən Azərbaycan türkü olan bir şəxsin İran prezidenti kimi Bakıya gəlişi tarixi hadisədir. Amma bu səfərin siyasi deyil, duyğusal tərəfinə diqqət yetirmək daha vacibdir.
Güneydə yaşayan Azərbaycan türkünün Azərbaycana gəldikdə hansı duyğuları keçirdiyini yaxşı bilirəm. Kimisi bu duyğuları dilə gətirə bilmir, kimisi bu hissləri danışar, kimisi də susur. Amma hamı bir az qürur, bir az sevinc, bir az da həsrətlə geriyə qayıdır. Sən istəyirsən İranın prezidenti, istəyirsənsə sadə vətəndaş ol bu hiss dəyişməzdir”.
Ozanın fikrincə, Pezeşkianın Bakıda Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” şeirini dilə gətirməsi də təsadüfi sayıla bilməz.
Bu, sadəcə poetik bir çıxış deyil, içdən gələn bir sızıltıdır. Ayrılığın mənası bizim üçün bir başqa, Tehran siyasəti üçün tam başqa yozulur:
“Bizim üçün ayrılıq 200 illik həsrətin, parçalanmış vətənin, bölünmüş millətin adıdır. Hər insanın içində bir dünyası var. O, dünyasının içindəki ayrılıqları düşünərək bu şeir ilə özləşir. Məsud Pezeşkian “Heydərbabaya salam” şeirini oxuduqdan sonra görüntülər bir çox televiziyalarda, sosial şəbəkələrdə yayıldı. Və belə şərh verdilər ki, Pezeşkianın orada nəzərdə tutduğu Azərbaycanın İrandan ayrılmasıdır. İnanıram ki, Pezeşkian da Azərbaycanın ayrılığını düşünərək o şeiri deyib”.
Araz Elsəs sonda vurğulayıb ki, 200 ilə yaxındır yaramız göynəyir və qaysaq bağlayıb. Hələ də sağalmayıb, Azərbaycanın bütövləşdiyi günə qədər bu yara sızlayacaq.
Töhfə Səməd
tag: Araz Elsəs,Müsahibə,İran,Azərbaycan,Todaypress.az,