Aprel döyüşlərindən şanlı Zəfərə! - Qələbəyə aparan yol
“Aprel döyüşləri Azərbaycan Ordusunun hazırlıq səviyyəsini və gücünü bütün dünyaya nümayiş etdirib”.
Hərbi ekspert Azər Bayramov bunu Aprel döyüşlərinin İkinci Qarabağ müharibəsində ordumuza qazandırdığı təcrübədən TodayPress-ə danışarkən bildirib.
O, diqqətə çatdırıb ki, bu əməliyyat Azərbaycanı İkinci Qarabağ müharibəsində əldə olunan böyük qələbəyə aparan yolun başlanğıcı olub.
“Ermənistan və onun havadarları, 30 il ərzində onları silahlandırmışdılar və onların bu məkrli niyyətləri heç bir halda öz nəticəsini verməyib. Azərbaycan haqlı olaraq ərazi bütövlüyünü və suverenliyini güc yolu ilə bərpa edib. Düşmənin 30-dan çox zirehli texnikasının və tankının məhv edilməsi, 300-dən artıq canlı qüvvəsinin zərərsizləşdirilməsi, o cümlədən Suqovuşandakı mühüm düşmən qərargahının darmadağın edilməsi Azərbaycanın hərbi gücünü bir daha göstərib”.
Ekspert əlavə edib ki, qazanılan uğurlara baxmayaraq, hazırda Azərbaycan Ordusu modernləşmə prosesini davam etdirir. Orduda yeni bölmələrin yaradılması, komanda strukturlarının təkmilləşdirilməsi və ordumuzun müasir silah-sursatla təmin olunması ölkənin müdafiə qabiliyyətini daha da artırır.
Azər Bayramov sonda vurğulayıb ki, Ermənistan və havadarları gələcəkdə də təxribat ritorikasına əl atsalar, Azərbaycan ordusunun gücünü bir daha hiss etmək məcburiyyətində qalacaqlar.
Xatırladaq ki, Azərbaycan və Ermənistan arasında baş vermiş Aprel döyüşlərinin növbəti ildönümüdür. Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan tarixi döyüşlərdən 9 il ötür. 2016-cı ilin mart ayının ortalarından ermənilər atəşkəsi intensiv pozmağa başlayıblar. Aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq isə bütün cəbhə boyu Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Nəticədə ermənilər aprel ayının 2-dən 5-dək qoşunların təmas xəttində silahlı təxribatlar törədiblər. Təxribatlar zamanı dinc əhaliyə də hücumlar olub.
Türkan İsgəndərli
tag: Aprel döyüşləri,Azərbaycan Ordusu,Azər Bayramov,İkinci Qarabağ müharibəsi,todaypress.az,
