Anons verildi: Tramp İsraillə İrana qarşı razılaşıb? – GİZLİNLƏR MASADA

Təhlil

10.04.2025 16:21

108

"İran ABŞ ilə razılaşmasa, İslam Respublikasına qarşı hərbi əməliyyatlarda ilk iştirak edən ölkə məhz İsrail olacaq". 

Politoloq Yusif Bağırzadə bunu İranın nüvə proqramı ilə bağlı razılaşmanın əldə olunmayacağı təqdirdə, ABŞ-nin hansı addımları atacağı haqqında TodayPress-ə danışarkən deyib. 

Onun sözlərinə görə, İsrail uzun müddətdir ki, bu plan üzərində işləyib və əslində HƏMAS-la olan müharibədə, həmçinin "Hizbullah" və husilərlə olan qarşıdurmalarda da İsrailin məqsədi İranı birbaşa müharibəyə cəlb etməyə hesablanıb.

"İranın birbaşa müharibəyə başlamadığını gördükdə isə İsrail İran ərazisini hədəf alan əməliyyatlar həyata keçirməyə başlayıb. O zaman İsrail artıq İrana qarşı müharibəyə başlamaq istəyirdi. Lakin ABŞ-nin, xüsusilə də prezident Cozef Baydenin bu müharibəyə isti yanaşmaması İsraili hərbi əməliyatlardan çəkindirdi. ABŞ Rusiya-Ukrayna müharibəsi səbəbilə yeni münaqişə ocağının yaranmasını və güclərin parçalanmasını istəmədiyi üçün İsraili gözləməyə məcbur etdi. İsrailin istədiyi texnika, qırıcı təyyarələr və bombaların verilməsinə qadağa qoyuldu. İndi isə hakimiyyətdə Donald Tramp var". 

Analitik diqqətə çatdırıb ki, Tramp hakimiyyətə gəldiyi ilk andan etibarən İsrailə lazım olan bütün silah və texnikanın, ağır bombaların, qırıcı təyyarələrin verilməsinə göstəriş verib. Ağ Ev liderinin əsas məqsədi də məhz İsrailin İrana qarşı hərbi əməliyyatlarda güclü olmasıdır. 

"Yəni, həm ABŞ, həm də İsrail İrana qarşı hərbi əməliyyatlara çoxdan hazırlıq görürlər. Belə bir ehtimalda eyni mövqedən çıxış edəcəkləri, hərbi əməliyyatları birgə həyata keçirəcəklərinə də şübhə yoxdur".

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bildirib ki, əgər İran razılaşmaya gəlməsə, İsrail İrana qarşı hərbi əməliyyatlarda iştirak edəcək. İranın nüvə silahına sahib olmasına imkan verilməyəcək. 

Töhfə Səməd

tag: Yusif Bağırzadə,Politoloq,ABŞ,İran,İsrail,Todaypress.az,

photo