Ankara Ukrayna ordusunu yenidən qurulmasında iştirak edəcək? – Politoloq rəyi

Təhlil

19.02.2025 20:08

1694

“Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən Rusiya-ABŞ danışıqları və Ukrayna Prezidenti Volodomir Zelenskinin Ankara səfəri çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü iki fərqli təmas kimi görünsə də, əslində, məqsəd və məram eynidir”.

 

TodayPress xəbər verir ki, politoloq Turan Rzayev bunu TodayPress-ə danışarkən bildirib. 

 

O bildirib ki, ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna müharibəsini təkbaşına deyil, Türkiyə ilə birlikdə bitirmək istəyir:

 

“Trampın Ərdoğana münasibəti müsbətdir. O, Floridadakı malikanəsində keçirdiyi mətbuat konfransında “Prezident Ərdoğan mənim dostumdur. Sevdiyim və hörmət etdiyim şəxsdir. Düşünürəm ki, o da mənə hörmət edir” demişdi. Həmin müsahibədə təxminən 2000 ABŞ əsgərinin Suriyadan çıxarılması ilə bağlı suala Trampın verdiyi cavaba da diqqət etmək lazımdır: “Bunu sizə deməyəcəyəm, çünki bu, hərbi strategiyanın bir hissəsidir, ancaq Türkiyənin olduğunu söyləyəcəyəm. Amma Suriya ilə bağlı baş verənlərə baxın, Rusiya zəiflədi, İran zəiflədi. Və o, (Prezident Ərdoğan – red.) çox ağıllı oğlandır, öz adamlarını ora müxtəlif formalarda, müxtəlif adlarla göndərdi, onlar da içəri girdilər və hakimiyyəti ələ keçirdilər”. 


Ekspert qeyd edib ki, Türkiyənin Suriyada müxaliflərə dəstək verməsindən sonra Bəşər Əsəd rejiminin devrilməsi müəyyən qədər ABŞ-nin maraqlarına uyğundur. Tramp Ərdoğanın Suriyada etdiklərindən sonra Rusiya-Ukrayna müharibəsini təkbaşına deyil, Türkiyə və Ərdoğanla tənzimləmək istəyir. Bu məsələdə özü Ər-Riyadda keçirilən Rusiya nüməyəndələri ilə görüşə fokuslandı, Ərdoğan isə Ukrayna prezidenti ilə danışdı:


“Hər iki danışıqların müsbət keçdiyini demək olar. Misal üçün danışıqlardan sonra Rusiya nümayəndə heyətinin üzvü, RF prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlamasında deyib ki, ABŞ tərəfi ilə dialoq pis keçməyib. Ərdoğan Zelenski ilə birgə mətbuat konfransında deyib ki, Zelenskiyə Ukraynanın ərazi bütövlüyünə dəstəyimizi çatdırdım, danışıqlar prosesinin davamlı sülhlə başa çatması üçün hər cür dəstəyi verəcəyimizi vurğuladım. Böyük dağıntılara səbəb olan Rusiya-Ukrayna müharibəsi bitməlidir. Ölkəmiz qarşıdakı dövrdə Rusiya, Ukrayna və ABŞ arasında baş tutması gözlənilən danışıqlar üçün ideal ev sahibi olacaq”.

Analitik Rusiya-Ukrayna müharibəsinin hərbi əməliyyatlar fazasının mütləq bitməli olduğunu vurğulayıb.


“Sülh müqaviləsinin imzalanması çətin olsa da, tərəflər arasında atəşkəs sazişi imzalana bilər. ABŞ atəşkəsə Rusiyanı, Türkiyə isə Ukraynanı razı salmağa çalışır. Görüşdən sonrakı açıqlamalardan Ankara və Vaşinqtonun buna yaxın olduğunu demək olar. Əvvəllər də dediyim kimi, Putin hakimiyyətdə olduğu müddətdə Rusiyaya sanksiya tətbiq etmək, ya da müharibəni uzatmaq əbəsdir. Ukraynanın torpaqlarını işğaldan azad etməsi üçün vaxta ehtiyacı var. Trampı düşündürən daha mühüm məsələlər olduğunu nəzər alsaq, demək olar ki, o, atəşkəsin imzalanmasından sonra prosesi Türkiyəyə həvalə edə bilər. Yəni mümkündür ki, Ankara Ukrayna ordusunu yenidən qurulmasında iştirak etsin. Bunun isə gələcəkdə Ukraynanın torpaqlarını işğaldan azad etməsinə zəmin yaradacağı versiyasını irəli sürmək olar. Prinsipcə Türkiyə bu məsələdə təcrübəlidir”. 


T.Rzayev hesab edir ki, Ukrayna ilə bağlı da Ankaranın planı, ABŞ-nin istəyi budur. Zelenski və Ərdoğanın görüşü zamanı çəkilmiş “Ukrayna üçün Türkiyə çətiri” fotosu da bu mənanı verir.  

 

Qiymət Mahir

tag: Ankara, Ukrayna, Politoloq, Rəy, Türkiyə, Yardım, todaypress.az,