Amansız “Oval”görüşü: “Tramp Rusiyaya oyun nümayiş etdirdi” - SENSASİON AÇIQLAMA

Təhlil

01.03.2025 12:45

2350

“ABŞ prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenskinin görüşündə olduqca şübhəli məqamlar var”. 

TodayPress xəbər verir ki, Milli Məclisinin deputatı Cavanşir Feyziyev bu barədə öz “Facebook” hesabında yazıb. 

O, diqqətə çatdırıb ki, sosial şəbəkələrdə Trampı tənqid edib, Zelenskini qəhrəman çıxaranlar və ya əksini edənlər bu görüşdən nəticə çıxarmağa tələsməməlidirlər: 

“Hadisənin detallarına dərindən diqqət yetirdikdə Oval ofisində  liderlər arasında yaranan qalmaqalın reallığına şübhələr yaranır. Bu şübhələri saf-çürük etmədən Ağ Evdə doğrudan nəyin baş verdiyini anlamaq çətin olacaq. Eyni zamanda bu şübhələrin həqiqət olub-olmadığını da tezliklə ayırd etmək mümkün olmayacaq. Yalnız hadisələrin sonrakı inkişafı bu məsələlərə aydınlıq gətirə biləcək”. 

Deputat hesab edir ki, bu, Zelenskini təlimatlandırmaqla Ağ Evin ssenarisi ilə öncədən səhnələşdirilmiş bir şou ola bilər:

“Trampın administrasiyası Rusiyanı danışıqlara şirnikləndirmək və gözlənilən danışıqlar ərəfəsində onun Trampa etimadını artırmaq, həmçinin Trampın qoyacağı şərtlərin Putin tərəfindən qəbul olunmasını asanlaşdırmaq məqsədi ilə belə bir “qalmaqal” şousu oynanıla bilər. Zelenskinin ABŞ-dən təkidlə təhlükəzlik zəmanəti “tələb etməsini” Ağ Ev Rusiyaya təzyiq etmək üçün istifadə edə bilər. Digər tərəfdən, bu səhnələşdirilmiş mübahisənin Avropanı daha çox səfərbər etmək və Ukraynaya yardımı artırmağa sövq etmək məqsədi daşıması mümkündür. Üçüncü bir tərəfdən, bu qalmaqalı Amerika seçiciləri qarşısında Trampı “qəhrəmanlaşdırmaq”, Barak Obama və Cozef Baydenin simasında demokratların apardığı siyasətin nə qədər ağılsız, səmərəsiz və hətta həm ABŞ, həm də digər ölkələr üçün nə dərəcədə zərərli və dağıdıcı olduğunu bir daha təsdiq etmək cəhdi kimi də qiymətləndirmək olar. Əgər ssenari budursa, deməli, Tramp administrasiyası eyni zamanda Avropaya, Rusiyaya və Amerikadakı siyasi rəqiblərinə, yəni demokratlara qarşı oyun nümayiş etdirir”.  

Parlamentarinin fikrincə, əgər bu qalmaqal tərəflər arasında öncədən razılaşdırılmış ssenari üzrə süni şəkildə yaradılıbsa, hesab etmək olar ki, hər iki tərəf öz rolunu məharətlə oynayıb və bu oyun ilk növbədə Rusiya prezidenti Vladimir Putinə qarşı qurulub. Putinin bu səhnəni necə qavraması isə bir başqa məsələdir. 

Qeyd edək ki, fevralın 28-də ABŞ prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski arasında Ağ Evdə mətbuat konfransından öncə görüş keçirilib. Görüş zamanı iki lider arasında ciddi mübahisə yaşanıb. Ağ Evdə jurnalistlərin gözü önündə baş verən qalmaqaldan sonra Tramp və Zelenskinin bağlı qapılar arxasında görüşü davam etdirdiyi bildirilir. Qeyd olunub ki, Zelenski Ağ Evi erkən tərk edib və birgə mətbuat konfransı, o cümlədən, Ukraynanın faydalı qazıntıları ilə bağlı sazişin imzalanması ləğv edilib.   

Töhfə Səməd

tag: ABŞ ,Donald Tramp,Ukrayna,Volodimir Zelenski,todaypress.az,

photo