Almaniyada yeni KANSLER: "Alman Tramp" dünyaya nə vəd edir?
“Almaniya həm iqtisadi, həm də siyasi baxımdan Avropanın aparıcı dövlətlərindən biri olsa da, bu ölkənin siyasəti Avropa İttifaqının ümumi xəttindən kənara çıxmayacaq”.
Politoloq Azad Məsiyev bunu TodayPress-ə danışarkən bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqı hələ də tam müstəqil siyasət yürütmək gücündə deyil və Birləşmiş Ştatların təsiri altında hərəkət edir:
“ABŞ Avropanı dünya siyasətində bir vasitə kimi istifadə edir. Xüsusilə Angela Merkelin dövründə “Şimal axını-2” layihəsinə qarşı ABŞ-dən Almaniyaya ciddi təzyiqlər olub. Bu, Almaniyanın iqtisadi və siyasi müstəqilliyini zəiflətməyə yönəlmiş addımlar idi”.
Politoloq qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi də Avropanın, xüsusilə Almaniyanın iqtisadi cəhətdən zəiflədilməsinə səbəb olub.
Onun fikrincə, Almaniya sənayesinin əsas enerji və xammal mənbəyi Rusiya idi və bu əlaqələrin kəsilməsi Alman iqtisadiyyatına ciddi zərbə vurub.
Siyasi şərhçinin fikrincə, Almaniyanın yeni kansleri Fridrix Merts Avropa siyasətinə ciddi təsir etməyəcək.
“Əvvəlki kanslerlərin Azərbaycana qarşı soyuq münasibətini görmüşük. Avropa İttifaqının institutları AŞPA, ATƏT və digər strukturlar Azərbaycana qarşı qərəzli çıxışlarını davam etdirir. Həmin institutlarda da Almaniyanın siyasətçiləri kifayət qədər fəaldır. Hesab edirəm ki, bu proseslərdə Almaniya indiyə qədər izləyici kimi qalıb və ədalətli mövqe nümayiş etdirməyib. Yeni rəhbərlik də beynəlxalq hüquq çərçivəsində münasibət qurmağa hazır olarsa, Azərbaycan da milli maraqlarını əsas tutaraq uyğun addımlar atacaq”.
Qeyd edək ki, mayın 6-da Fridrix Merts Almaniyanın yeni kansleri seçilib.
Bundestaq onun namizədliyini ikinci cəhddə təsdiqləyib. Siyasətçi tələb olunan 325 səsdən 316-nı toplaya bilib.
Xatırladaq ki, bundan əvvəlki kansler Olaf Şolts idi.
Türkan İsgəndərli
tag: Azad Məsiyev,Politoloq,Almaniya,Fridrix Merts,Todaypress.az,
