“Alman Tramp” qapıdadır: Yeni kansler köhnə düzənə nə vəd edir? - PROQNOZ
“Almaniyanın yeni kansleri olacaq Fridrix Merts qətiyyəti ilə Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsu üstələyir. Çünki Şolts bəzi məsələlərdə olduqca yumuşaq siyasətin tərəfdarı idi”.
Politoloq Tofiq Abbasov bunu TodayPress-ə danışarkən deyib.
Onun sözlərinə görə, Şolts ABŞ və Fransa prezidenti Emmanuel Makronun qarşısında zəif görünür:
“Merts indidən Şoltsun səhvlərini nəzərə alaraq bəyanatlar verir, bildirir ki, Almaniya Amerikaya güc gəlməlidir. Amerika Almaniya yaxın əlaqələr qurmaq istəmirsə, bu, onun problemidir”.
Analitik Mertsin Avropada Birləşmiş Silahlı Qüvvələrə də çox müsbət yanaşan siyasətçi olduğunu vurğulayıb:
“Merts çalışır ki, ölkəsi və Avropa İttifaqı (Aİ) öz potensiallarını artırsınlar. ABŞ-nin siyasəti ilk növbədə Almaniyanı zəiflədib. Belə fikirlər səslənir ki, vaxtı ilə Almaniyanın keçmiş kansleri Gerhard Şröder Rusiya ilə yaxşı münasibətlər yaratdığı üçün Almaniyanın işləri yüksək səviyyədə təşkil olunurdu. Almaniya Rusiyanın enerji danışıcıları imkanlarından istifadə edirdi. Öz potensialını artırırdı və s.”.
Politoloq bildirib ki, hazırda Almaniyanın iqtisadi sahədə tənəzzülü gündən-günə dərinləşir. Bu, Almaniya elitasını qane edə bilməz. Bu səbəbdən də Merts öz hökumətini gücləndirməyə çalışacaq. Tofiq Abbasov sonda qeyd edib ki, Almaniya cəmiyyətinin də bu yöndə sosial sifarişi var. Belə ki, xalq Mertsi güclü siyasətçi gördüyü üçün ona səs verib.
Qeyd edək ki, Almaniyada Bundestaqa keçirilən növbədənkənar seçkilərdə Xristian Demokrat İttifaqı və Xristian Sosial İttifaqı (CDU/CSU) 28,6 faiz səslə qalib gəlib. Seçkidə ikinci pilləni 20,8 faiz səslə “Almaniya üçün Alternativ” (AfD) partiyası tutub. Üçüncü pillədə isə 16,4 faiz səslə Almaniyanın hazırkı Kansleri Olaf Şoltsun təmsil etdiyi “Sosial Demokrat Partiyası” qərarlaşıb. Bununla yanaşı, “Yaşıllar” partiyası 11,6%, “Sol Partiya” isə 8,8% səslə Bundestaqda yerini təmin edib. Xristian Demokrat və Xristian Sosial Birlik (CDU/CSU) ittifaqının lideri Fridrix Merzin yeni kansler olacağı gözlənilir. “Alman Tramp” adlandırılan Merz sərt proqramları ilə seçilir.
Qiymət Mahir
tag: Tofiq Abbasov,Politoloq,Almaniya,Yeni Kansler,Partiya,Şolts,Fridrix Merts,Todaypress.az,
