Aİ xarici münaqişələrə cəlb olunur: “Parçalanma qaçınılmazdır” – ŞƏRH
“ABŞ prezidenti Donald Trampın NATO üzərindən Avropanın təhlükəsizliyini risk altına atmasından sonra baş verən proseslər güc bölgüsünə gətirib çıxaracaq. Avropa da yeni güc mərkəzi kimi meydana çıxmağa çalışacaq. Çünki dünya siyasətində söz sahibi olmadan və yalnız özünə qapanaraq təhlükəsizlik sahəsində uğur qazanmaq çətindir”.
Politoloq Azər Qasımov bunu TodayPress-ə danışarkən deyib.
Analitik izah edib ki, Avropanın öz ordusunu formalaşdıraraq təhlükəsizliyini təmin etdikdən sonra Yaxın Şərq və Afrikaya yönəlik addımlar atacağı qaçınılmazdır. O hesab edir ki, Türkiyənin həmin təhlükəsizlik arxitekturasına qoşulması da əsasən bu strategiyaya hesablanıb.
"Hazırda Avropa İttifaqı bu məsələlərdə yeni oyunçudur və hansısa problemlərə tənzimləyici kimi müdaxilə etməsi hələ mümkün görünmür. Aİ-nin quruluşu və idarəçilik mexanizmi bu sahədə müəyyən çətinliklər yarada bilər. Bununla belə, görünən odur ki, Aİ daxilində monolitliyi təmin etmək üçün addımlar atılır. Macarıstan və Sloveniya kimi Avropa ölkələrində baş verən etirazlar da bunun nümunəsidir” deyə A. Qasımov yekunlaşdırıb.
Qeyd edək ki, Aİ-nin yeni silahlanma strategiyası onun yalnız daxili təhlükəsizliyi üçün deyil, həm də qlobal güc mərkəzi kimi mövqeyini gücləndirmək üçün nəzərdə tutulub. Lakin bəzi ekspertlər hesab edirlər ki, bu proses xüsusilə Yaxın Şərq və Afrika regionlarında Aİ-ni daha çox xarici münaqişələrə cəlb edə bilər.
Qiymət Mahir
tag: Azər Qasımov,Politoloq,Avropa İttifaqı,ABŞ,NATO,Parçalanma,Todaypress.az,
