Ağ Evdəki qalmaqala sözardı: “Bu, Ukraynanın vəziyyətini ağırlaşdıracaq” – POLİTOLOQ

Təhlil

04.03.2025 18:39

1268

"Ağ Evdəki qalmaqaldan sonra ABŞ Ukraynaya hərbi yardımı dayandırsa da, Pentaqon hərbi kəşfiyyat məlumatlarını Ukrayna ilə bölüşməkdə davam edir. Ağ Ev sahibi hələ ki, kəşfiyyat mübadiləsinin qarşısını almayıb". 

TodayPress xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu öz  "Facebook" səhifəsində yazıb. 

Onun sözlərinə görə, Pentaqonun Ukrayna hərbi komandanlığına kəşfiyyat məlumatlarını ötürməsi böyük maliyyə tələb etmir. ABŞ mövcud peyk və digər vasitələrlə Rusiya qoşunlarının Ukrayna ərazisində yerdəyişmələrini onsuz da izləyir və bu məlumatları Kiyevə ötürür. ABŞ Ukraynaya hərbi texnika göndərməyi dayandırsa, Avropa dövlətləri Ukraynaya hərbi texnika göndərməli olacaqlar. 

"Ancaq Avropa ölkələrinin ABŞ-nin kosmik izləmə texnologiyasını əvəz etmək imkanı yoxdur. Buna görə də, ABŞ-nin heç olmazsa, kəşfiyyat məlumatlarını Kiyevlə bölüşməkdə davam etməsi Ukrayna və Avropa üçün vacibdir. Əks halda, Kiyevin Rusiya qoşunlarının minlərlə kilometr məsafədə yerdəyişmələri barədə kəşfiyyat məlumatları olmasa, bu, Ukraynanın vəziyyətini ağırlaşdıracaq. Donald Tramp da anlamamış deyil ki, Ukraynanı bu dəstəkdən məhrum etməsi, Rusiyanın qələbəsini sürətləndirəcək".

Elxan Şahinoğlu sonda qeyd edib ki, belə bir gedişat Kremllə normal münasibətlər qurmasına baxmayaraq, nə Trampın, nə də ABŞ-nin maraqlarına uyğundur. 

Türkan İsgəndərli

tag: Ağ Ev,ABŞ,Ukrayna,Pentaqon,Elxan Şahinoğlu,todaypress.az,