Ağ Evdə yeni dövr: Dünya iqtisadiyyatında nələr dəyişəcək? - TƏHLİL
Təhlil
20.01.2025 11:25
"Trampın yenidən prezident kürsüsünə qayıdışı qlobal iqtisadiyyatda ciddi dəyişikliklər vəd edir. Onun 10-20%-lik ümumi tarif artımı və Çinlə ticarət əlaqələrinə 60%-lik tarif tətbiqi kimi təklifləri artıq Dünya Bankının proqnozlarına təsir edib: əgər bu planlar reallaşarsa, 2025-ci ildə qlobal iqtisadi artım əlavə 0.3% azala bilər".
TodayPress xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov öz "Facebook" sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, ABŞ bazarları Trampın qayıdışını nikbinliklə qarşılasa da, investorlar ticarət müharibələrinin yenidən başlamasından ehtiyatlanır.
"Xüsusilə Çin iqtisadiyyatı - Avstraliya kimi bir çox ölkənin əsas ticarət tərəfdaşı - bu tariflərin əsas hədəfi olacaq. Yavaşlayan Çin iqtisadiyyatı qlobal inflyasiyanı artıraraq bütün ticarət tərəfdaşlarına öz təsirini göstərə bilər".
İqtisadçının qənaətincə, Trampın iqtisadi siyasətləri "ikili xarakter" daşıyır: bir tərəfdən, vergi endirimləri və tənzimləmələrin azaldılması bazarları sevindirir; digər tərəfdən isə sərt tariflər və immiqrasiya məhdudiyyətləri qlobal qeyri-müəyyənlik yaradır.
"Ümumilikdə, Tramp əvvəlki prezidentlik dönəmindəki adam olmayacaq. Odur ki, onun ikinci prezidentlik dövrü tam fərqli gözlənilməz qərarlarlar, dünya iqtisadiyyatı üçün qeyri-müəyyənliklər vəd edir. Buna görə də ölkələr onun yeni dönəm hədəflərini diqqətlə izləyərək uyğun strategiyalar hazırlamalıdırlar" deyə o diqqətə çatdırıb.
Xatırladaq ki, Donald Tramp 2024-cü ilin noyabrında keçirilən seçkilərdə qələbə qazandıqdan sonra bu gün ABŞ prezidenti kimi ikinci müddətinə başlayacaq. Andiçmə mərasimi soyuq hava şəraiti səbəbindən Konqres binasının daxilində keçiriləcək. Mərasim Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Töhfə Səməd
tag: Ağ Ev, ABŞ, Tramp, İqtisadiyyat, Dünya, Xəbər,todaypress.az,
![photo](/uploads/news/678e320dded4a.jpg)