ABŞ Ukraynaya hərbi yardımı dayandırır: Ukrayna üçün nələr dəyişəcək? – TƏHLİL

Təhlil

04.03.2025 19:40

1576

"ABŞ prezidenti Donald Trampın Ukraynaya hərbi yardımı dayandırması qərarı Vaşinqtonda ABŞ və Ukrayna prezidentləri arasında baş verən son gərginliklə bağlıdır. Düşünürəm ki, gərginlik süni şəkildə yaradılıb və Birləşmiş Ştatların böyük planının bir hissəsidir". 

Politoloq Natiq Miri bunu Trampın Ukraynaya yeni silah tədarükünü dayandırması ilə bağlı qərarını TodayPress-ə şərh edərkən deyib.  

O diqqətə çatıdırıb ki, belə bir gərginlik ictimaiyyətin gözü qarşısında baş verməsəydi, qərarın ABŞ cəmiyyətində qəbul olunması çətin olardı:

“Bu hadisədən sonra vəziyyət elə təqdim olunur ki, guya Ukrayna prezidenti Volodimir Zelenski ABŞ və onun xalqına hörmətsizlik edib. Beləliklə, bu cür təzyiq elementlərinə rəvac verilib. Əslində isə bu, ABŞ-nin Ukraynaya qarşı irəli sürdüyü planın tərkib hissəsidir. Planın əsas məqsədi Ukraynanın mineral ehtiyatlarla bağlı sazişə ABŞ-nin istədiyi şərtlərlə razılıq verməsi və paralel olaraq Ukrayna-Rusiya müharibəsinin dayandırılması üçün ABŞ-nin təqdim etdiyi təslimiyyət sülh sənədinə imza atılmasıdır”.

Analitik prosesə Avropanın aspektindən yanaşıb. O bildirib ki, Avropaya silah tədarükü, hətta perspektivdə ABŞ qoşunlarının Avropadan çıxarılması məsələləri hazırda gündəmdədir:

“Bu, hazırda müzakirə predmetidir və eyni zamanda Avropaya təzyiq vasitəsi kimi istifadə olunur. Burada əsas hədəf yenə də Ukraynadır. ABŞ-nin yardımına arxalanmadan öz təhlükəsizliyini təmin etmək üçün Avropa hərəkətə keçib. Bunun nəticəsi olaraq, Fransa və Böyük Britaniyada iki toplantı keçirilib. Londonda isə Ukraynanı müdafiə etmək və sülh planını hazırlamaq məqsədilə könüllü koalisiyanın yaradılması qərarı qəbul olunub”. 

Analitikin sözlərinə görə, ABŞ özünün yaratmaq istədiyi “sülh prosesi”nə maneə kimi gördüyü üçün bu cür müstəqil təşəbbüsləri qəbul etmək istəmir və Avropanı təzyiqlərlə hədələyir. Politoloq düşünür ki, bu, birtərəfli təzyiq olmayacaq və qarşılıqlı addımlar atılacaq:

“Əgər ABŞ Avropadan idxal olunan məhsullara gömrük rüsumlarını artırarsa, Avropa da eyni addımı atacaq. Necə ki, Çin, Meksika və Kanada əvvəllər bu cür tədbirlərlə ABŞ-yə cavab verib. Avropanın da oxşar reaksiya göstərəcəyi gözləniləndir. Ancaq bu proses eyni zamanda Ukrayna-Rusiya sülh planına dair ABŞ-nin strategiyasını poza bilər. Çünki Londondakı razılaşmalar göstərir ki, koalisiyanın hazırladığı sülh planı ABŞ ilə müzakirə olunmalı və razılaşdırılmalıdır. Bu plana əsasən, ABŞ-nin də daxil olduğu birgə koalisiya yaradılmalı və Rusiyanın bütün tələblərini tam yerinə yetirmədən, daha ədalətli sülh şəraiti hazırlanmalıdır. Əgər ABŞ bu təklifi rədd edərsə, təbii ki, Avropa koalisiyası Ukraynanı müdafiə etməyə davam edəcək. Bu isə ABŞ-nin “sülh planının” tamamilə iflasa uğraması demək olacaq”.

Natiq Miri izah edib ki, proses təkcə bununla da bitməyə bilər. Onun sözlərinə görə, vəziyyət bu şəkildə inkişaf edərsə, Ukrayna-Rusiya müharibəsi ABŞ və onun müttəfiqləri arasında ciddi fikir ayrılıqlarına səbəb ola bilər ki, bu da NATO-nun parçalanması ehtimalını gündəmə gətirir.

Həmçinin ekspert Donald Trampın Ukrayna-Rusiya müharibəsi ilə bağlı sülh prosesində beynəlxalq hüququ tamamilə nəzərə almadan hərəkət etdiyini və bununla da ABŞ-nin etibarlı tərəfdaş kimi nüfuzuna ciddi zərbə vurduğunu vurğulayıb. 

“Güclü dövlətlərin əsas xüsusiyyətlərindən biri onların davamlı və prinsipial siyasət yürütməsidir. Lakin Tramp administrasiyasının Ukraynaya hərbi yardımı tamamilə dayandırmaq qərarı ABŞ-nin öz imicinə ən böyük zərbədir. Çünki Tramp hakimiyyətə gəlməmişdən əvvəlki administrasiya – Pentaqon və ABŞ-nin silah istehsalçıları bu yardımlar üçün konkret maliyyə vəsaiti alıb və Ukraynaya silah göndərməklə mükəlləf olub. Bu, Trampın dövründə başlayan bir proses deyil ki, o, buna qadağa qoya bilsin. Əgər Tramp bu yardımları dayandırırsa, bu, açıq-aşkar qərəzli bir qərardır. Bu isə təkcə onun administrasiyasına deyil, bütövlükdə ABŞ-yə olan etimadı sarsıdır” deyə N.Miri vurğulayıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın administrasiyası martın 4-də Ukraynaya yeni silah tədarükünü maliyyələşdirməyi dayandırıb və Tramp müdafiə naziri Pit Heqsetə hazırda Ukraynada olmayan bütün ABŞ hərbi texnikasının çatdırılmasını dayandırmağı tapşırıb.

Qiymət Mahir

tag: Ukrayna,ABŞ,Donald Tramp,Təhlil,todaypress.az,

photo